Naxçıvan Muxtar Respublikasında qədim mədəniyyət abidələrinin qeydə alınması, bərpa və muhafizə olunması, qədim yaşayış yerlərində arxeoloji qazıntı tədbirlərinin həyata keçirilməsi son illər diqqət mərkəzində duran ən mühüm məsələlərdən biridir. Yaxın günlərdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları Amerikanın Pensilvaniya Unversitetinin, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşları ilə birgə Naxçıvan arxeoloji abidələrinin tədqiqinə başlayacaqlar.
   Şərur rayonunun ərazisində yerləşən Dəmir dövrünə aid Oğlanqala yaşayış yerində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Səfər Aşurov, Amerika Pensilvaniya Unversitetinin professoru Lauren Risvetin rəhbərlik etdiyi əməkdaşlar, Duzdağ ərazilərində, Dizə kəndində yerləşən Ovçulartəpəsi yaşayış yerində isə Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Maronun rəhbərlik etdiyi əməkdaşlar tədqiqat işləri aparacaqlar.
   Qeyd edək ki, dünya əhəmiyyətli abidələrdən biri olan şərəh tipli Oğlanqala yaşayış yerinin daxili strukturu və dövrünün dəqiqləşdirilməsi, Ovçulartəpəsi yaşayış yerində isə Enolit və Erkən tunc dövrünə aid mədəniyyətlərin öyrənilməsi üçün işlər aparılacaq, Duzdağ ərazilərində başlanan tədqiqat işləri davam etdiriləcək. Əvvəlki illərdən fərqli olaraq arxeoloqlar builki tədqiqatların daha geniş olacağını qeyd edirlər.
   Məlumat üçün onu da qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları həmçinin Xaraba Gilanda, Şahtaxtında, Xələcdə və digər ekspedisiyaların işində də iştirak edəcəklər.
   
   Türkanə BƏYLƏRLİ
   AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı