Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunduğu müqəddəs məkanlardan biri muzeylərdir. Keçmişimizlə bu günümüz və bu günümüzlə gələcəyimiz arasında körpü rolunu oynayan bu mədəniyyət ocaqları tariximizin öyrənilməsi, qorunub saxlanılmasında və təbliğ edilməsində çox vacib missiyanı yerinə yetirir. Son illər ölkəmizin artan iqtisadi potensialı hesabına mədəniyyət sahəsində həyata keçirilən ardıcıl işlər tədqirəlayiqdir. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” imzaladığı sərəncam ölkəmizdə muzeylərin inkişafına əlavə stimul verib. 

   Muzeylərə göstərilən dövlət qayğısı Naxçıvan Muxtar Respublikasının muzeylərindən də yan keçməyib. Belə ki, Naxçıvan muzey şəbəkəsinin genişləndirilməsi, onların maddi-texniki bazasını möhkəməndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər öz bəhrəsini verib.
   Buna sübüt olaraq deyə bilərik ki, 1997-ci ilədək Naxçıvan MR-də 13 muzey fəaliyyət göstərirdisə, indi onların sayı 21-ə çatdırılıb.
   Son on ildə muxtar respublikamızda 8 yeni muzey yaradılıb ki, onlardan biri də Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyidir.
   Bu muzeyin baş elmi işçisi Nərgiz Əhmədova söhbət zamanı bildirdi ki, müasir tələblərə uyğun inşa edilmiş muzey 2007-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb: “Kəngərli bölgəsi çox qədim tarixə malik olsa da, bu qədim tarixi özündə əks etdirən, toplayan belə bir muzey yox idi. Maddi-mədəniyyət nümunələri kiçik məktəb muzeylərində, şəxsi arxivlərdə, muxtar respublikanın tarix-diyarşünaslıq və digər muzeylərində qorunub saxlanılırdı.
   Artıq bu mədəni- maddi irs rayonun özündə qorunur. Qonaqlar, rayon sakinləri, məktəblilər eksponatlarla tanış olur, öz rayonlarının qədim, zəngin və eyni zamanda şərəfli tarixi ilə qürur duyurlar”.
   Qeyd edək ki, muzey istifadəyə veriləndə burada 1363 ədəd müxtəlif adda eksponat vardı, bunun da 723 ədədi ekspozisiya zalında, 640 ədədi isə fondda yerləşdirilmişdi. 2007-ci ilin sonunda bu rəqəm 1502-yə çatdırılıb. Bunların da 745 ədədi ekspozisiya zalında, 757 ədədi isə fondda saxlanılırdı. 2008-ci ilin 12 ayı ərzində isə muzeyə daha 575 ədəd müxtəlif adda eksponat sənədlər, fotoşəkillər, saxsı və mis qablar, əl işi, nümizmatik materiallar gətirilib.
   Bununla da muzeydəki eksponatların sayı 2077-yə çatdırılıb.
   720 ədəd eksponat ekspozisiya zalında, 1357 ədəd eksponat isə fondda yerləşdirilib.
   Ekspozisiya zalındakı eksponatlar dövrlər üzrə xronoloji ardıcıllıqla düzülüb. Ekspozisiya zalı giriş hissədən, üç şöbə (qədim, orta və müasir dövrü əhatə edir), yarım şöbələr 1918-21-ci illər, 1941-45-ci illər, şəhidlər, görkəmli şəxsiyyətlər, flora və fauna, kənd təsərrüfatı alətləri, milli qadın, kişi geyimləri və çıxış hissədən ibarətdir. Muzeydə ümummilli lider Heydər Əliyevə həsr olunan guşə xüsusi zövqlə yaradılıb. Burada ulu öndər Heydər Əliyevin, eləcə də görkəmli dövlət xadimi Əziz Əliyevin və oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyatlarının müxtəlif dövrlərinə aid sənədlər, kitablar, fotoşəkillər geniş yer alıb.
   Rayonun qədim dövründən bu günədək olan şərəfli tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, nümizmatik materiallar, heykəltəraşlıq, Erkən Dəmir dövrünə aid keramika məmulatları, obsidian lövhələr, soyuq silahlar muzeyin ekspozisiya zalında geniş yer tutur. Tarix-Diyarşünaslıq muzeyinin ayrı-ayrı guşələrində e. ə. IV -III minilliyə aid müxtəlif əmək alətləri, kasa, küpə, çölmək və parç tipli qablar, həvəngdəstələr, daş çəkiclər, dən daşları və bir sıra məmulatlar bu yurdun qədimliyindən, Qarabağlar, Şahtaxtı, Kok, Qıvraq, Yurdçu, Böyükdüz, Qabıllı kimi kəndlərin böyük mədəniyyətə malik olmasından xəbər verir. Bu ərazilərdə aşkar olunan arxeoloji tapıntılar milli-mənəvi sərvətlərimizin daşıyıcısıdı.
   Muzeyə gələn hər kəs Kəngərli rayonunun keçmişindən bu günədək olan dövrdə necə inkişaf yolu keçdiyini, ata-babalarımızın hansı sənətlə məşğul olduğunu, bu eldə, bu torpaqda doğulub boya-başa çatmış şəxsiyyətlərin, Kəngərli rayonunun kontinental iqliminə uyğunlaşan flora və faunası, bir sözlə, Kəngər tayfası haqqında bütün məlumatlarla tanış ola bilir.
   
   Hüseyn Əliyev,
   Naxcıvan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar