və ya tarixi eramızdan əvvələ təsadüf edən şəhər
   
   Azərbaycanın tarixi abidələrinə, maddi-mədəniyyət nümunələrinə daim diqqət və qayğı göstərən ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Dəvəçi rayonunun ərazisində yerləşən Çıraqqala və Şabran tarixi əraziləri tarix və mədəniyyət qoruqları elan edilib. Şabran şəhəri Azərbaycanın tarixi orta əsr şəhərlərindən biri olub. Bu şəhərin xarabalığı Böyük Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında, dəniz səviyyəsindən 75 m hündürlükdə yerləşir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada yaşayışın eramızın əvvəllərindən XVIII əsrədək davam etdiyini müəyyən ediblər.
   
   Şabran nə deməkdir?
  
 
   Şabran sözünün etimologiyası haqqında orta əsr müəlliflərinin - Əl-Həmədaninin, Əbu Dulafın, Ət-Təbərinin, Yaqut Həməvinin, Övliya Çələbinin və başqalarının əsərlərində, bəziləri kompilyativ olsa da, müxtəlif mülahizələr mövcuddur. Bəzi müəlliflər bu məfhumun fars dilində şəb-qaranlıq, ran isə məkan (gecələmək yeri) mənası verdiyini, digər qisim tədqiqatçılar isə məsələn, Ş.Fərzəlibəyli, Q.Qeybullayev, Ç.X.Mirzəzadə onu qədim türk tayfası sabirlərin, hətta 1124-cü ilə aid gürcü xronikasında bu ifadənin Şaburan kimi işlənməsinə əsaslanıb, Sasani hökmdarı Şapurun Xəzər şahzadəsi Şadın, yaxud da Ptolomeyin xəritəsindəki saportenlərlə də əlaqələndirirlər. Bu deyilənlərlə yanaşı, Şabran şəhərinin salınmasının Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə də bağlanmasına yazılı tarixi mənbələrdə, xüsusilə ərəb və fars müəlliflərinin - Əl-Bəhazurinin, Münəccim başının, Əl-Həmədaninin, Əl-Əsirin, Əl-İstəxrinin, Y.Həməvinin, H.Qəzvinin əsərlərində təsadüf olunub.
   Antik müəlliflərdən Strabon Albaniyada hər birinin öz ağsaqqalı olan və vahid hökmdar tərəfindən idarə olunan 26 dildə danışan tayfa və şəhərlərin olduğunu qeyd etmişdi. Ola bilsin ki, bu dövrdə mövcud olmuş şəhərlərdən biri də Şabran olub. Bu mövqedə olan arxeoloq, professor, alban dövrü şəhərlərinin tədqiqatçısı İ.Babayev Ptolomeyin təsvir etdiyi Asiyanın xəritəsində, Albaniyadakı 29 şəhərdən biri olan Telebanın məhz Şabran olduğunu ehtimal edir.
   Hələ b.e.ə. I minilliyin ortalarında Albaniyaya şimaldan köçəri tayfaların axınının başladığı tarixi mənbələrdən məlumdur. Sonrakı dövrlərdə də bu hücumlar davam etmiş, Azərbaycan tarixində mühüm rol oynamış, Şirvanşahlar dövlətinin mərkəzinə çevrilən Şabran şəhərinin inkişafına təsir edərək əhalisinin etnik tərkibinin müxtəlifliyinin artmasına, şübhəsiz, onun maddi və mənəvi həyatında müəyyən dəyişikliklərə səbəb olmuşdur. Şabrana hücum edən xalqlar içərisində türkdilli tayfalar mühüm rol oynayıb.
   
   Bura hər tərəfi açıq kiçik şəhəri xatırladır
   
   Müasir dövrdə Şabranda arxeoloji kəşfiyyat işləri ilk dəfə 1935-39-cu illərdə professor E.A.Paxomov, 1979-cu ildə görkəmli arxeoloq, professor C.Ə.Xəlilovun rəhbərliyi ilə aparılıb. 1980-83-cü illərdə isə Qazıməmməd - Mozdok qaz kəməri xəttinin çəkilişi ilə əlaqədar olaraq Azərbaycan EA Tarix İnstitutunun arxeologiya və etnoqrafiya sektorunun daimi fəaliyyət göstərən Şirvan-Şabran arxeoloji ekspedisiyası professor R.B.Göyüşovun rəhbərliyi ilə arxeoloji qazıntı işlərini davam etdirib.
   Şabran sənətkarlarının məharəti yüksək səviyyədə inkişaf etmiş şəhərsalma mədəniyyəti və memarlığında da öz əksini tapmışdır. Maddi və yazılı mənbələr Şabranda aşağıdakı qalaların mövcud olduğunu ehtimal etməyə imkan verir. 1623-cü ildə Şabranda olmuş moskvalı tacir F.A.Kotov bu şəhərin sənətkarlıq məhəllələrinin daşdan tikildiyini və yalnız bir qala divarının olduğunu göstərir. 1667-ci ildə Şabrana gələn holland dənizçi Yan Streys isə qeyd etmişdi ki, bu şəhərin ətrafına keçmişdə sədd çəkilib, indi isə hər tərəfi açıq kiçik şəhəri xatırladır.
   1980-ci il qazıntıları zamanı aşkar edilən atəşpərəstlər məbədi isə səkkiz otaq və iki zaldan ibarətdir. Binanın qərbində yerləşən zalın ümumi uzunluğu 4,7 m, eni isə 1,3 m-dir. Kiçik zal və onun yanındakı əlavə otaq şimal-cənub istiqamətində tikilib.
   Arxeoloji tədqiqatlar zamanı Şabrançayın sağ sahilində aşkar olunan müsəlman qəbiristanlığı, həmçinin məscid-minbərin bəzədilməsində istifadə olunan çoxlu kası nümunələrinin tapılması yaxınlıqda belə bir səcdəgahın olmasını ehtimal etməyə imkan verir.
   Müasir dövrə kimi yerüstü abidə qalıqları saxlanmış qədim Şabran körpüsü orta əsr Azərbaycan memarlıq sənətinin ən yaxşı nümunələrindən hesab oluna bilər. Üç tağının əsasının qalıqları aydın görünən bu körpü hazırda Bakı-Quba magistral yolunun sol tərəfində, Ərəblər və Pirəmsən kəndləri hüdudundadır.
   Şabran şəhərinin abadlığından bəhs edərkən burada XI-XII əsrlərə aid küçəni, üstü örtülü kanalizasiya sistemini qeyd etmək lazımdır. Bunu qazıntılar zamanı tapılan çay daşlarından düzəldilmiş tikinti qalığı sübut edir. Müəyyən yerlərdə, uzunluğu 1,5, eni 20 sm olan bütün daşların ortası nov şəklində yonularaq kanalizasiya xəttinə qoşulub. 1980-ci illər qazıntıları zamanı uzunluğu 16 m olan kanalizasiya sistemi açılıb. Qeyd etmək yerinə düşər ki, 1993-cü ildə aparılan son araşdırmalar zamanı Şabran şəhərinin yerində uzunluğu 5 m olan su arxının qalıqları üzə çıxarılıb.
   
   Qoruqda yeni memarlıq kompleksi inşa edilir
   
   2002-ci ildə Şabran şəhərinin yerində arxeoloji tədqiqatlara tarix elmləri namizədi. F.Ə.Abbasovanın rəhbərliyi ilə yenidən başlanıb. Aparılan arxeoloji tədqiqatlar nəticəsində qalanın növbəti bürcü aşkar edilib, IX-X və XVI-XVII əsrlərə aid saxsı qablar, mis pullar, “sandıq” formasında olan məzar daşları tapılıb. Elmlər Akademiyasının və Dəvəçi Rayon İcra Hakimiyyətinin ayırdığı maliyyə vəsaiti hesabına tapılan bu tarixi eksponatların bəziləri qoruğun ərazisində, bəziləri isə geniş tədqiq olunmaq üçün Tarix və Etnoqrafiya İnstitutundadır.
   Bilindiyi kimi, yayın gəlişi şimal zonasında turizm sahəsinin canlanmasına birbaşa təsir göstərir. Bu isə bilavasitə Bakı-Quba və Bakı-Xaçmaz kimi ölkə əhəmiyyətli strateji magistral yollarının ortasında yerləşən Şabran Tarix Qoruğuna yay aylarında gələn ziyarətçilərin sayının çoxalacağı deməkdir.
   Bu amili nəzərə alan rəhbərlik turistlərin qoruqla daha rahat tanış olmaları üçün bəzi tədbirlər görüb. Belə ki, ziyarətçilərin daha çox maraq göstərdiyi (2) qoruma sahəsi alaq otlarından təmizlənib, dəmir hasar və qapılar təmir edilib. Sadaladıqlarımızla yanaşı, Bakı-Xaçmaz magistral yolunun kənarında tikilmiş Şabran memarlıq kompleksinin hasara alınmış ərazisinə güllər əkilib və yaşıllıqlar salınıb. Kompleksin gecələr işıqlandırılması üçün yüksək zövqlü elektrik lampaları quraşdırılıb.
   Onu da qeyd edək ki, bugünlərdə Bakı-Quba magistral yolunun kənarında yeni bir memarlıq kompleksinin inşasına başlanılıb. Bakı-Xaçmaz magistral yolunun kənarında tikilmiş memarlıq kompleksinin bir az kiçik forması olan bu tikilidə də Azərbaycanın qədim memarlıq üslubundan istifadə ediləcək.
   
   Elnur ŞAHBAZOV,
   Şabran Tarix Qoruğunun elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar