Qax şəhərinin girişində, yeni yaşayış massivində yüksək zövqlə inşa edilmiş yeni şadlıq sarayı-hotel tikilib istifadəyə verilib.
   Bu münasibətlə keçirilən açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edib. O, son illər rayonda aparılan geniş quruculuq və abadlıq işləri barədə məlumat verib. İcra başçısının dediyinə görə, yeni inşa edilən belə obyektlər əhalinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərməklə yanaşı, şəhərin görünüşünə də xüsusi yaraşıq və görkəm verir. Yaxın günlərdə rayonda bir sıra sosial obyektlər, o cümlədən Qax şəhərində bank filialı, istirahət parkı, yeni inzibati bina və digər obyektlər, habelə kəndlərdə 2 yeni məktəb binası istifadəyə veriləcək. M.Əhmədzadə saray-hotelin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
   İş adamı Vüqar Muradov çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına göstərilən yüksək diqqət və qayğıya görə sahibkarlar adından dövlət başçısına minnətdarlığını bildirib.
   Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra obyektə baxış olub. 30 nəfərin daimi işlə təmin olunduğu obyektdə 20 nəfər üçün hotel nömrələri, habelə 450 və 150 nəfərlik banket zalları yerləşir.
  
   FƏXRİYYƏ