Pedaqoji fəaliyyətimin ilk illəriydi. Hər ayın axırında rayon mərkəzinə gedirdim. Kənddə tapılmayan xırda-para şeyləri alıb qayıdırdım. O illər minik maşınları barmaqla sayılırdı. "Sövzünün dükanı" adlanan dayanacağa gəlib, saatlarla maşın gözləməli olurdum.
   Qış günlərinin birində ikiqapılı "Vilis"də mənə də yer tapıldı. Hündürboy, eşməbığ, belinə enli kəmər bağlamış kişinin yanında oturdum. Bir azdan maşın yola düşdü. Söz-sözü çəkdi... Yanında əyləşdiyim kişi soruşdu:
   - Bacıoğlu, suyun mənə şirin gəlir, kimlərdənsən?
   Babamın, atamın adını dedim. Əlavə bildirdim ki, əllinci illərdə kəndimizi köçürüblər. Hərə bir yerə didərgin düşüb. Evlərimizi dağıdıblar, bağlarımızı doğrayıblar. Məzarlar qəriblikdə qalıb.
   Kişi fikrə getdi. Elə bil yaddaşında nəsə axtarırdı. Üzbəüz əyləşdiyi yol yoldaşına:
   - Musa, Əlibaba kişi yadına gəlir? Rəhmətlik Kamilgilə gəlib - gedərdi. Canlara dəyən oğlandı o da Təbləyəğ kəndindəndi. Nahaq şərin qurbanı oldu, - dedi.
   Sözünə qüvvət verdim: - Anamın yaxın qohumu olub. Bircə oğlu qalıb. Biləsuvarda yaşayır.
   Elimizin sənətkar oğlu balabançı Sahil Quliyevlə tanışlığım belə oldu. Bu tanışlıq aramızda isti münasibət yaratdı. Toylarda, el şənliklərində görüşürdük. 1960-cı ildə mənə bir şəkil bağışladı. Əziz xatirə kimi saxlayıram. Sol tərəfində xanəndə qardaşı Musa, sağda isə dəmkeş Cabbar əmi əyləşiblər.
   Sahil Quliyev Lerikdə adlı-sanlı nəsildən olub. 1882-ci ildə sənətkar ailəsində doğulub. Əmiləri Qurbanəli və Müseyib el aşıqları idi. Onları Yardımlının, Lənkəranın, Masallının kəndlərindən də ziyafətlərə dəvət edirdilər. Gecəyarıya kimi saz çalıb, dastan söyləyərdilər.
   Yaşca Sahildən kiçik olan Musa Kərəmoğlu bölgənin tanınmış xanəndələrindən sayılırdı. "Kürd-Şahnaz" muğamını 1939-cu ildə Moskvadakı Naqın studiyasında vala yazdırmışdı. Valın üstündəki rusca yazıdan məlum olur ki, oxunan qəzəllər Əliağa Vahidindir. Muğam ustasını Sahil Quliyevin balabançılar dəstəsi müşayiət etmişdir. Val ən dəyərli eksponat kimi tarix-diyarşünaslıq muzeyində saxlanılır. Yeri gələndə, tamaşaçılar üçün səsləndirilir.
   Sahil əmi hərdən xatirələrindən söhbət açar, ötən günləri yada salardı. Deyirdi ki, 1938-ci ildə Novruz bayramından sonra məni raykoma çağırdılar. Dahi Üzeyir bəylə görüşə gedəcəyimi bildirdilər. Bakını yaxşı tanımadığıma görə bir bələdçi də qoşdular.
   Üzeyir bəylə və incəsənət idarəsinin rəisi Mirzə İbrahimovla söhbətimiz uzun çəkmədi. Məni zurnaçılar qrupuna daxil etmişdilər. Bir neçə gün məşq etməli olduq. Üzeyir bəy bu məşqlərə gəlib məsləhətlərini verirdi.
   Aprelin əvvəllərində Moskvaya yola düşdük. Ayın 5-də Birinci Azərbaycan İncəsənət dekadası açıldı. Lojada Stalinlə bərabər dövlət və hökumət rəhbərləri əyləşmişdi. "Koroğlu" operasının tamaşasından əvvəl "Cəngi" çaldıq. Salon bizi ayaq üstə alqışladı.
   El sənətkarı 81 illik ömrünün 60 ilini el şənliklərində balaban çalmaqla keçirmişdi. O, el havalarını, xüsusilə "Sarı gəlin", "Apardı sellər Saranı" xalq mahnılarını çalanda kövrəlirdi. Əmiləri toylarda dastan söyləyəndə onları çox gözəl müşayiət edərdi, bəzən özü də yanıqlı səslə oyxuyardı.
   Lerik şəhərinin Kanalik qəbiristanlığında bir məzar var. Baş daşında balaban şəkli çəkilib. Bu Sahil Kərəmoğlunun məzarıdır. Sənətin və sənətkarın qədrini bilənlər buraya vaxtaşırı ziyarətə gəlirlər.
   
   Həmzə VƏLİMƏMMƏDOV,
   Lerik