Qısa arayış:
VII əsrin birinci yarısında İmam Əlinin komandanlığı ilə İslamı yaymaq məqsədilə Azərbaycana gələn ərəb qoşunlarının bir hissəsi geri qayıtmır, şəhərin yaxınlığında, Kürün sahilində özləri üçün daimi yaşayış məskəni seçib, Ərəbsalbaşlı kəndini salırlar. Lakin həmin kəndi Kür çayı yuyub aparır. Kəndin əhalisi Bəbirxan adlı ağsaqqalın məsləhəti və rəhbərliyi ilə daha sakit bir əraziyə köçür və kəndin adını Ərəbbəbirxanlı qoyur.
Sonralar ərəblər peyğəmbərimizin (s.ə.s) nəslindən olan iki nəfər imamzadənin dəfn olunduğu yerdə məscid də tikdirirlər.
Bütün türk dünyasında olduğu kimi, burada da ərəblər yerli əhali ilə qaynaşıb-qarışır, onların içərisində yox olurlar. Adları yalnız tikdirdikləri Allah evinin adında əbədiləşir - Ərəbbəbirxanlı məscidi.
İki kəndin arasında olan məscid sonralar baxımsızlıq ucundan dağılıb məhv olur. XIX əsrin əvvəllərində Səməd bəy məscidi yenidən tikdirir. Əhvalat isə belə olur:
Səməd bəy Həcc ziyarətinə getmək üçün, məsləhət almaqdan ötrü o dövrün məşhur ruhanisi, Nəcəfül-Əşrəfdə 22 il dini təhsil almış, Bakıdan Lənkərana qədər vərəsə malının bölgüsü üzrə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin səlahiyyətli nümayəndəsi, bütün İslam aləmində barmaqla sayılacaq qədər az olan, «Qəruneyi-ictihad» dini rütbəsinə layiq görülmüş, böyük övliya, iki dəfə - 1930 və 1937-ci illdə sovet dövləti tərəfindən repressiya olunmuş, 1941-ci ildə uzaq Sibirdə, Karaqanda vilayətində sürgündə olarkən dünyasını dəyişmiş Mirbağır Ağanın yanına gəlir. Gətirdiyi 5 kiloqram qəzəlinin halallığını istəyir. Həcc ziyarəti qədər, məscid tikdirməkdə savab olduğunu deyən Ağa xümsünü, zəkatını çıxdıqdan sonra, qəzəlini 3 yerə bölür. Bir hissəsini kasıblara, kimsəsizlərə paylayır, bir hissəsini Səməd bəyin özünə verir, bir hissəsinə isə məscid tikdirməyi məsləhət görür.
Beləliklə, Ərəbbəbirxanlı məscidi Kərbəlayi Səməd Kərbəlayi Cəbrayıl oğlu tərəfindən ikinci dəfə tikilir.
Məscid 1918-ci ilin mart hadisələri zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının qarşısını almaq üçün qərargaha çevrilir. Bolşevik-erməni-rus qırğınına qarşı xalqın döyüşü Ərəbbəbirxanlı məscidinin ətrafında, Kürün sahilində baş verir. Vuruşanlar içərisində Ərəbbəbirxanlı kəndinin ağzı dualı, imanlı kişilərindən biri, kəndin ağsaqqalı Əli Səfərov da olur .
Bu gün Ərəbqardaşbəyli kəndinin ağsaqqalı, kəndin dini icmasının sədri, məscidin axundu, 76 yaşlı Hacı Ağahüseyn Əli oğlu, atasından eşitdiklərini belə xatırlayır:
«Bolşevik-erməni-rus qüvvələri üç gəmi ilə Xəzər dənizindən Kür çayına girib, sahilboyu kəndləri yandırıb, yerlə-yeksan edir, qocaya, qadına, uşağa rəhm etmədən, hamı ucdantutma güllələyiblər. İndiki Neftçala rayonunun sahilboyu kəndlərinin əhalisi ölümdən xilas olmaq üçün kütləvi surətdə Salyana pənah gətirdilər. Darülmöminin Salyanın ağaları - Ağa Mirbağırağa, Ağa Mirəşrəfağa, Ağa Mirhəşimağa kəfən geyinib xalqı cihada çağırır. Əli silah tutan qeyrətli olan bütün əhali onların başına toplaşır. Nizamsız döyüşün böyük tələfata səbəb ola biləcəyini görən Ağa Mirbağırağanın təklifi ilə kömək üçün Bakını bolşeviklərdən azad etməkdən ötrü viruşa-vuruşa Hacıqabul rayonuna qədər gəlmiş Türk-Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın yanına nümayəndə göndərilir. Nuru Paşa Ramazan Paşanın və İsmayıl Paşanın rəhbərliyi ilə iki bölük göndərir (həm Ramazan, həm də İsmayıl Paşa qanlı döyüşdə həlak olurlar, qəbirləri Salyan qəbiristanlığındadır).
Türklərin başçılığı ilə toplanan qoşun məscidin yazınlığında, Kürün sahilində pusqu qurur. Neftçala rayonunun Bankə qəsəbəsindən başlayaraq Salyanın Ərəbbəbirxanlı məscidinə qədər dinc əhalini didərgin salan, əsir götürdükləri adamları Dirov dağında vəhşicəsində güllələyən qanlı düşmən əmin-arxayın irəliləyirdi. Pusqu yerinə yaxınlaşanda Ramazan Paşanın işarəsi ilə yeganə topdan atəş açılır. Öndə gələn gəmi vurulur. Bunu gözləməyən düşmən çaşqın halda sahilə çıxır. Qanlı döyüş başlanır. Döyüşdə Neftçala rayonundan olan qaçqınlar da böyük qəhrəmanlıq göstərirlər. Könüllülərdən 26 nəfər həlak olur. Əli Kərbəlayi Hüseyn oğlu, Məcid İslam oğlu, Abbas Aslan oğlu xüsusi qəhrəmanlıq göstərirlər. Şəhidlərdən Məşədi Nağı İsmayıl oğlunu, Ağababa Hüseyn oğlunu, Həşim Ələsgər oğlunu, Məşədi Məmmədəlini və başqalarını əhali indi də minnətdarlıq hissi ilə yad edir. Şəhidlərin bir qismi elə məscidin həyətində dəfn olunur».
Sovet hakimiyyəti illərində, Allahsızlıq kampaniyası zamanı məscid ikiqat repressiyaya məruz qalır: həm dini obyekt kimi, həm də ermənilərə qarşı aparılan döyüşün qərargahı kimi. Məscid anbara çevrilir. Bununla ürəyi soyumayan səlahiyyət sahibləri onu birdəfəlik dağıdıb, xalqın yaddaşından silmək istəyirlər. Məscidi sökmək üçün briqada göndərilir. Briqada üzvlərindən iki nəfər çox da hündür olmayan beşmərtəbəli binanın divarından yıxılıb, qıçlarını sındırır. Qalanları işləməkdən imtina edir. Bu dəfə məscidi sökmək üçün buldozer göndərilir. Traktor məscidə yaxınlaşanda sönür. Sürücü nə qədər çalışırsa, maşın işə düşmür. Bunu eşidən Rayon Partiya Komitəsinin birinci katibi «xalqa dərs vermək üçün» şəxsən özü, rayon Allahsızlar Cəmiyyətinin sədrini də götürüb, məscidə gəlir. Katibin də maşını məsciddən bir az aralı qəzaya uğrayır. O, kor-peşman geri qayıtmalı olur. Ancaq milis rəisi tapşırır ki, məscidə heç kimi buraxmasınlar.
Ötən əsrin 30-cü illərindən insan ayağı, insan nəfəsi dəyməyən, iki kəndin arasında, camaatdan uzanda yerləşən Allah evi baxımsızlıq nəticəsində yenə dağılır.
Sovet imperiyası dağılandan, müstəqilxalqımızın inam və inancı özünə qayıdandan sonra, Ərəbbəbirxanlı məscidinin də yeni həyatı başlayır. Kəndin ağsaqqalı, peşə etibarilə bənna olan, mömin ailəsində böyüyən Hacı Ağahüseyn məscidi yenidən tikmək qərarına gəlir.
Hacı Ağahüseynin dediklərindən:
Ulu öndərimiz Bibiheybət məscidinin yenidən tikilməsi üçün verdiyi sərəncam, elə bil məni silkələyib ayıltdı. Qərara aldım ki, bu müqəddəs məscidi yenidən tikim. Ailə üzvlərimi də başıma toplayıb, işə başladım. Hər kəs bacardığı işi görürdü. Tikintinin layihəçisi də, mühəndisi də, fəhləsi də özümüz idik. Bütün işləri ailənin vəsaiti hesabına görürdük.
İşin qızğın çağında kəndin ağsaqqalları təklif etdilər ki, madam belə savab işi başlamısan, dinimizin müqəddəs yerlərində də olmalısan. Mən ağsaqqaların rəyi ilə Xorasan, Məşhədə, Kərbəlaya, sonra da Həcc ziyarətinə getdim. Müqəddəs yerlərdə olmağım mənim qərarımı daha da möhkəmləndirdi. İmanlı kənd əhalisi, imkanlı şəxslər də köməkliklərini əsirgəmədilər.
Bütün çətinliklərə baxmayaraq, 1991-ci ildə başladığım işi 2004-cü ildə başa çatdırdım. Həmin il məscid Azərbaycan Respublikası Dini İşlər üzrə Komitədə qeydiyyatdan da keçirildi. Məscidin həyətində şəhidlərin xatirəsinə abidə də tikildi.
Lakin Hacı Ağahüseyn məscidi tikməklə kifayətlənmədi. Erməni-rus-bolşevik qoşunlarının keçdiyi fəlakət dolu yolu qarış-qarış gəzdi. Kafirlərin törətdiyi qırğınların şahidi oldu. Şahidlərin dediklərini lentə aldı, şəkillərini çəkdirdi, videokasetlər hazırlatdı, mətbuatda, televiziyada çıxışlar etdi. Dirov dağdakı kütləvi qəbiristanlığı, ermənilərin daha bir soyqırımı faktını aşkara çıxartdı, onu dünyaya tanıtmaq üçün əlindən gələni etdi.
Məsciddəyik. Hacı Ağahüseyn Ramazan bayramı münasibəti ilə bayram süfrəsinə dəvət edib. Məscidə tamaşa edirəm. Bir ailənin tikdiyi məscid rayonda ən müasir, ən zəngin məsciddir. Həyətdə böyük bir ərazi abadlaşıb, yaşıllaşıb, Ağahüseyn kişinin öz əli ilə əkdiyi bostandan isə ziyərətçilərə də pay düşür. Burada uzaqdan gələn ziyarətçilər üçün qonaq otağı tikilib. Salyan-Neftçala magistralından məscidə yol çəkilib. «Halal olsun!» - deyirəm, 76 yaşlı ixtiyar qocaya. Səndəki imam, iman, qeyrət hamıda olaydı, dünyamız daha maraqlı olardı.
Məscidin «Rəylər» kitabına baxıram. Neftçala rayonunun Abasalı kənd sakini Zinət xala uzun sürən xəstəliyindən məsciddə şəfa tapdığı üçün minnətdarlığını bildirir. Surma xala qıcolma keçirən oğlunun məscid vasitəsi ilə sağaldığını bildirir. Biləsuvar kənd sakini Gültəkin xanım isə illərlə övlad üzünə həsrət qaldığını, bu məscidi yaxında gördüyünü, məscidi ziyarət etdikdən sonra arzusuna çatdığını bildirir.
Döyüşən məscid indi də silahı yerə qoymayıb: haqqa-halallığa tapınmaqla böhtandan qoruyur, insanların imamını, inancını artırır, Allaha, vətənə, dövlətə, prezidentə olan bağlılığını gücləndirir.
Məscidin xuddamı, kəndin ağsaqqalı Hacı Ağahüseynə «yorulmayasan, Allah köməyin olsun» deyirik.
Lətif Zərbəliyev,
Qulam Sadıqov,
Salyan