Qonaqlar Azərbaycan peşəkar milli teatrının 140 illik yubiley tədbirində iştirak edəcəklər
   
   İyunun 25-də Bakıda TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri Şurasının ikinci iclası keçiriləcək. Tədbir qurumun baş katibliyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri Şurasının birinci iclası 2011-ci ildə Antalyada keçirilib. Hazırda quruma Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov sədrlik edir.
   İclasda türkdilli teatrlar arasında əməkdaşlıq, perspektiv fəaliyyət, ortaq layihələr, təcrübə mübadiləsi müzakirə ediləcək və növbəti iclasın keçirilmə yeri müəyyənləşəcək.
   Tədbir iştirakçıları həmin gün Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında keçiriləcək təntənəli tədbirdə iştirak edəcəklər.