Bütün işlər gələcəyə hesablanıb
   
   “Mədəniyyət” qəzetinin 2009-cu il noyabr sayında “Regional TV” şirkətinin əyalətlərdə təsis etdiyi telekanallardan biri olan Yevlağın “EL” TV telekanalı haqqında reportaj materialı çap olunmuşdu. Ənənəni davam etdirərək bu dəfə həmin şirkətin Şəki şəhərində fəaliyyət göstərən “Kanal S” telekanalı barədə məlumat verəcəyik. Qeyd edək ki, “Kanal S”lə yanaşı, indiyəcən “Regional TV” Lənkəranda C TV, Xaçmazda «R TV» və Yevlaxda “El” TV telekanallarının yayımına start verib. Bu həm də onu göstərir ki, əyalətin dirçəlməsi təkcə sənaye sahəsi ilə tamamlanmır. Bu inkişafın böyük bir payı da mədəniyyət sahəsinin üzərinə düşür. Beləliklə, bu inkişafa xidmət edən Şəkidəki “Kanal S” TV-nin regiondakı rolu ilə maraqlandıq və oxucularımıza telekanalın maraqlı iş sistemi barədə yazını təqdim edirik. 
   
   Telekanal üçün hər şey
   
   “Regional TV” digər təsis etdiyi telekanallara bəxş etdiyi ofis kimi, Şəkidə “Kanal S” üçün də sırf televiziyaya xidmət edən ofis-bina inşa edib. Yəni bu ofisi də da televiziya üçün doğulan bina adlandırmaq olar. Bildiyimiz kimi, televiziyanın fəaliyyəti təkcə ofis otaqları ilə tamamlanmır. Pavilyonlar, montaj, efir otaqları və s. yaradılmış otaq və zalların olması vacibdir. Dördmərtəbəli bina məxsusi olaraq “Kanal S” üçün inşa olunub.
   Departamentlər üçün geniş otaqlar, pavliyon və studiyalar, montaj və efir otaqları, projektorlar və ümumiyyətlə işıq sistemi, baxış otaqları və daha nələr, nələr. Burada çalışanlar üçün yeməkxana, kondisioner sistemi və rahat iş yeri. Bunların hamısı əyalətdə - Şəkidə fəaliyyət göstərən “Kanal S”də. Bütün bu şəraitdən istifadə edib telekanalı inkişaf etdirmək və əyalətdə maarifləndirici proqramlar yayımlamaqla mədəni inkişafa nail olmaq lazımdır. “Kanal S” necə, bu şəraitdən istifadə edirmi? Bunun üçün telekanalda 5 departament (Proqram, Xəbərlər, Bədii verilişlər, Reklam və Texniki departamentlər) fəaliyyət göstərir:
   
   Xəbərlər və “Xəbər”
   
   “Kanal S”dəki xüsusi diqqət yetirilən departamentlərdən biri də Xəbərlər departamentidir. Bu departamentə Gülşən Aslanova rəhbərlik edir. 15-ə yaxın işçi çalışır. Xəbərlər departamentinin xəbərlər buraxılışı sadəcə “Xəbər” adlanır. Burada Ramiz Mirzəzadənin hazırladığı idman süjetləri maraqla qarşılanır. “Xəbər” buraxılışında Şəki şəhərində və onun kəndlərində olan sosial problemlərlə yanaşı, ölkə və xarici xəbərlər də işıqlandırılır. Amma ümumilikdə “Xəbər” buraxılışı hər gün bu ardıcılıqla nümayiş olunur: Qarabağ xəbərləri, rəsmi, region və xarici xəbərlər.
   
    Bədii verilişlər
   
   “Səhər” verilişi, “Hit-mix”, “Düyməcik” və s. verilişlər Bədii verilişlər departamentinin məsuliyyətində olan proqramlardır. “Səhər” verilişi bu departamentin əsas proqramıdır. Departamentin müdiri Rasimə Şamilqızı da bunu etiraf edir. “Səhər”ın müxbiri Aysel Abdulxalıqova, prodüseri Azər Abdullayev, redaktoru Brilliant Salamova bu verilişləri maraqlı etmək üçün səylə çalışırlar. Onlar Şəkidə bu cür şəraitə malik telekanalın açılmasına inanmasalar da, artıq özləri bu kanalın aparıcı işçilərindəndirlər. Departamentin müdiri Rasimə Şamilqızı kollektiv ilə müzakirələr apardığını qeyd edərək bildirdi ki, kollektiv nə qədər bacarıqlı olsa da, mütəxəssis kurslarına, ustad dərslərinə ehtiyac var. Çünki yeni yaranmış telekanalın və gənc kollektivin inkişafı üçün bu mütləq lazımdır.
   
   Proqram, Texniki və Reklam
   
   Bundan başqa “Kanal S”də Proqram, Texniki və Reklam departamentləri fəaliyyət göstərir ki, Xəbərlər və Bədii verilişlər departamentinin funksional işi onlardan keçir. Yəni söhbət Xəbərlər və Bədii verilişlər departamentinin hazırladıqları telematerialların proqramlaşdırılması, texnika ilə təchizatı, eləcə də bu verilişləri reklamla təmin etməkdən gedir. Reklam departamentinin direktoru Vüsalə Mahmudova müəyyən bankların “Kanal S”də reklam olunduğunu qeyd etdi.
   
   1 il 1 ay...
   
   “Kanal S” 2008-ci ilin 28 dekabrından fəaliyyət göstərir. Bu 1 il 1 ay vaxtı özündə əks etdirir. İlk addımlar üçün keçən vaxti uğurlu saymaq olar. Ancaq bu addımlar gələcək uğurlardan xəbər verir. “Kanal S”də çoxlu sayda gəncin çalışması yaxşı göstəricidir. Bu həm yeni iş yeri, həm də bölgədə televiziya mədəniyyətinin formalaşması deməkdir.
   
   İ.Hacılı