Əziz oxucu!
   Ən dəyərli söz həyat həqiqəti ilə üst-üstə düşən sözdü. Bu deyimin həqiqiliyini təsdiqləmək üçün yüz illərin tarixi yaddaşına baş vurub örnəklər axtarmağa, keçmiş çağlardan misallar alaraq onları bu günə daşımağa gərək yox...
   Sadəcə üç il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi: «Çalışacağam ki, hər bir azərbaycanlının prezidenti olum» ifadəsinin bizim günlərdə həqiqətə çevrilmə dərəcəsinə nəzər salmaq kifayət edər.
   Dövlət başçısı üçün hər bir ölkə vətəndaşının həyatında rol oynamaqdan şərəfli bir vəzifə ola bilməz!
   Bu həm də VƏTƏNƏ XİDMƏTİN ən çətin yoludur...
   Bu həm də vətəndaş cəmiyyətinin inkişafının ən etibarlı stimuludur...
   Budur, Azərbaycan Respublikasında yaranmış sabitlik zəminində ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi həyat ahəngdar inkişaf edərək Azərbaycan Prezidentinin dili ilə ifadə olunmuş müqəddəs bir istəyin həqiqətə çevrildiyini təsdiqləməkdədir.
   Bu gün ölkənin hər yerində, hətta iqtisadi potensialı zəif olan, zaman-zaman gözdən-könüldən iraq düşən ucqarlarda belə vüsətli quruculuq işləri aparılır, yeni binalar ucaldılır, bir sözlə hərtərəfli inkişafı təmin edən əsaslar yaradılır. Əhalinin sosial müdafiəsi gücləndirilir, dövlətin qəbul etdiyi sosial yönümlü qərarlar, proqramlar ölkənin bütün insanlarını əhatə edir, yaradılan iş yerləri şəhər və kənd adamlarına rahat və etibarlı güzəran imkanlarını üzə çıxarır.
   Əlbəttə, dəyərli əməllər barədə xoş fikirlər söyləmək təbiidir, lazımdır. Amma bu rubrika altda yığcam nağılların, məqalələrin tərtib olunmasında məqsəd hansı işisə tərifləmək, kimlər haqqındasa xoş sözlər söyləmək deyil. Məqsəd oxucuya bugünkü Azərbaycan həqiqətlərindən bir damlanı konkret bölgələrin timsalında çatdırmaqdan, həmin bölgədə baş verən yeniliklər barədə bilgi verməkdən ibarətdir.
   Ola bilər ki, burada çoxlu rəqəmlərin, statistik məlumatların, çıxışların, rəsmi sənədlərin, hesabatların... yaratdığı təəssürat quru təsir bağışlasın. Bu, məqsədimizin xarakterindən irəli gəlir. Unutmayın ki, cansız rəqəmlərdə, statistikada, məlumatlarda, hesabatlarda həmin bölgədə, ümumən Azərbaycanda hökm sürən işgüzar, sağlam havanın ətri, doğru yolun aydınlığı, yüz minlərlə insanın əməyinin izləri var...
   
   Yurdun Gəncə qapısı
   
   Şəhərlər də insanlar kimidi - tale yaşayır. Beşikdən boylanır, ilk addımlar atır, böyüyür, yüksəlir, şöhrəti dillərdə dolaşır. Necə ki, bir insanın yandırdığı ocağın odu min-min ocağa calanır, necə ki, bir tale yolu min-min nəsil şəcərəsinə çevrilərək gələcək zamanlara uzanır - şəhərlər də bax eləcə, bəzən yarımçıq qırılan, bəzən də əbədiyyətə qədər uzanan ömür yoluna sahib olur.
   Bu bir yaşamaq, var olmaq meyarıdır. Əlbəttə, hər dəqiqəbaşı meyarlar yaradılmır. Amma əgər şəhərlərin və insanların tale oxşarlığını yoxlamaq istəyirsinizsə, yer üzündə yaşayan bütün azərbaycanlıların adı ilə qürur duyduğu qocaman və gənc Gəncəni örnək götürün. O zaman görərsiniz ki, həqiqətən də Gəncə dünyanın çox az şəhərlərinə məxsus maraqlı bir tale yaşayıb... Məhz tale!
   Deyirlər, təsadüflərdə də zərurət var. Bəzən bu məsələdə təbiət və cəmiyyət yekdil olur. Salnaməçilər 900 il öncə təbiətdə baş vermiş bir təsadüf də zərurət axtarmaqdan xüsusi bir qürur duyaraq deyirlər; Azərbaycanın Şərq intibahına baş verən zəlzələ Gəncəyə (oxu: dünyaya!) iki böyük möcüzə bəxş etdi: Göygöl və Nizami Gəncəvi - zəlzələ zamanı dağlar parçalanıb çayların qarşısını kəsdiyinə görə dərya əmələ gəlmişdi və həmin il İlyas Yusif oğlu doğulmuşdu...
   İkisi də dahiyanə, ikisi də əbədi...
   Bu möcüzələr Gəncənin sonrakı tarixində baş verib, əslində isə bu şəhərin tale beşiyi tarixin daha dərin qatlarında qurulub.
   «Gənc» toponiminin müxtəlif yozmaları var, pəhləvicə «xəzinə», türkcə «açıq yer», «geniş yer», türk tayfalarından birinin adı «gəncək»… Əhalinin nəsil kökü «sak» tayfaları ilə də bağlanır. Gəncək tayfası haqqında ilk dəfə XI əsrdə Mahmud Kaşğarlı məlumat verib.
   Gəncə şəhərinin Makedoniyalı İsgəndər dövründə (e.ə. IV əsr), e.ə II - b.e IV əsrlər arasında, Sasani hökmdarı I Qubadın zamanında, Həmdullah Qəznəviyə görə VII əsrin ortalarında, V.Bartolda görə IX əsrin ortalarında salınıb. Əksər Azərbaycan alimləri Gəncənin yaşını V əsrdən hesablayırlar.
   Dəlillərin müxtəlifliyi təbiidir, Gəncə torpağının hər addımı Azərbaycan xalqı üçün müqəddəs türbədir, məbəddir. Toxunulan hər dah parçası tarixin yaddaşıdır.
   Bu yaddaşa X əsrdə Bərdənin süqutundan sonra Gəncənin Arran dövlətinin paytaxtı olması yazılıb!
   Arran, Salarilər, Səlcuqlar, Eldəgizlər, Xarəzmlər, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Qarabağ bəylərbəyliyi...
   Adı «Kitabi-Dədə Qorqud»dan keçən «Gəncə şəhəri tarix səhnəsinə qalxan, ümumən türk xalqlarının inkişafında, təşəkkülündə və dövlət quruculuğunda müstəsna rol oynayan bu dövlətlərin bir çoxunun paytaxtı, ən əhəmiyyətli şəhəri, istehkamı, qalası, ticarət, sənətkarlıq, mədəniyyət beşiyi olmuşdur.
   Bu gün gəncəlilər öz şəhərlərini müqəddəs imamlarımızın ruhuyla da bağlayır və deyirlər ki, Gəncə əziz şəhərdi, müqəddəs şəhərdi.
   Şeyx Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbil üla Gəncəvi... Gəncənin söykəndiyi silsilə dağlar qədər uca adlar... Sonrakı tarixdə Gəncə üfüqlərində işğalçı rus ordusuna qarşı kişi kimi vuruşan, sonda güclü düşmən ordusuna məğlub olsa da, Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrini yazan Cavad xanın adı parlayır.
   Tarix dönəmlərində Gəncə, Yelizavetpol, Kirovabad, yenidən Gəncə adlanan bu şəhər dəyərli tarixi abidələrə malik bənzərsiz cizgiləri olan bir dünyadır.
   Çinindən, rütbəsindən asılı olmayaraq ora yolu düşənlər müdrik Nizaminin türbəsi önündə baş əyib keçir.
   Mirzə Şəfi Vazeh, Əli Nəzmi, Abdulla Sur, Fikrət Əmirov, Adil İsgəndərov, Həmid Araslı və digər adlı-sanlı sənətkarlar bu torpaqda yetişərək Azərbaycan mədəniyyətinə töhfələr vermişlər. Gəncə rəmzi ikinci paytaxt statusunu bu gün də qoruyub saxlayır. Bunu yenə də qədim və gənc Azərbaycanın sənaye, elm, təhsil, mədəniyyət mərkəzlərindən biridir.
   Tarixi, adət-ənənələri, sənətkarları ilə daim fərqlənən Gəncə Azərbaycanın dünyaya çıxan əsas yollarından birin üstündədir. Gəncə İpək yolunun şəhəridir. Əgər Qafqazın ecazkar, möcüzələrlə dolu təbiətinə baş vurmaq istəsən gərək Gəncə qapısından keçəsən. Bu qapılar isə Gəncəyə saf niyyətlə pənah gətirən hər bir kəsin üzünə taybatay açıqdır.
   
   
   Quba - sirli gözəllik dünyası
   
   Şahdağın qoynunda çiçəkdi Quba,
   Bilmirsən nağıldı, gerçəkdi Quba?!
   
   Bu yerlərin hər addımı təravətlidi, təzə-tərdi. Elə bil təbiətin qüdrətli qələmi ilə indicə yaranıb Quba! Gözəllik əllə toxunulacaq qədər yaxın və doyulmazdır. Çünki Qubanın relyefi zəngin və bənzərsizdir. Bu yerlərə yolu düşənlərin fikrindən, düşüncəsindən boylanan min-min bənzətmənin ifadəsi olan kəlmələrdən hansı Quba həqiqətinə daha yaxın ola bilər; sirli gözəllik dünyası...
   
   Doğrudan da Quba ayrıca bir dünyadır...
   Doğrudan da Quba gözəllik dünyasıdır...
   Doğrudan da bu gözəllik dünyası sirlidir, sehrlidir...
   Bir görən bir də can atır, bu yerlərə qədəm basan hər səyyah öz qəlbində Quba torpağına, Quba qonaqpərvərliyinə heyrətamiz bir vurğunluq daşıyır.
   Qubanın gözəllik dünyasının sirrinin-sehrinin başlıca səbəbi şübhəsiz ki, təbiətin yaratdığı qeyri-adi ahəngdarlıqla bağlıdır. Başı qarlı, sinəsi yaşıl ormanlı, çayları sulu, bağları meyvəli, düzənləri, tarlaları çörəkli... Nəyi yoxdur ki, Qubanın?!
   Quba həm də qədim-qayım yurddu; təbiətin bəxş etdiklərinə layiq də insanların yaratdığı tarix var...
   Quba adı ilk dəfə VIII əsrə aid hadisələri əks etdirən «Dərbəndnamə»də çəkilir. «Quba» sözünün qıpçaq mənşəli qədim «kuba» (kuva) tayfasının adı ilə bağlılığı ehtimal olunur. Kuba toponimi Şimali Qafqazda, Orta Asiyada, Qazaxıstanda, Dağlıq Altayda da mövcuddur.
   Quba yaşayış məntəqəsi olaraq XII əsrdən Şirvanşahlar dövlətinin tərkibində tanınmışdır. İstanbul müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatılan Qubada xanlığın əsasını Hüseynəli xan qoyub. Xanlığın mərkəzi əvvəllər Xudat, 1735-ci ildən isə Quba şəhəri olub. Hüseynəli xanın oğlu Fətəli xanın hakimiyyəti illərində (1758-89) Quba daha da şöhrətlənib. Bakı da daxil olmaqla Dərbənddən Salyana qədər Xəzərsahili ərazilər bu xanlığa tabe idi. Müəyyən zaman aralığında Şamaxı və Cavad xanlığı da Quba xanlığının ixtiyarına keçib. Quba xanlığı Şərqi Azərbaycanın ən zəngin torpaqlarına sahib idi.
   1806-cı ildə Rusiyaya birləşdirilən Quba xanlığı parçalanmış, qəzaya çevrilərək Bakı quberniyasının tərkibinə daxil edilmişdi.
   İndiki Quba inzibati rayonu 1930-cu ildə yaradılıb, 1959-cu ildən isə Qonaqkənd ləğv edilərək onun əraziləri, təsərrüfat strukturu Qubaya verilib.
   Sirli gözəllik dünyası Qubanın ərazisi 2610 kv.km, əhalisi 140 min nəfərdir. Rayonda 31 inzibati ərazi vahidi, 1 şəhər, 1 şəhər tipli qəsəbə, 155 kənd var.
   Rayon ərazisi maddi-mədəniyyət sərvətləri ilə, tarixi abidələrlə zəngindir. Azərbaycan memarlığının orijinal nümunələrindən olan Ağbil türbələri, Alpan, Gültəpə, Mucu kəndlərində qədim türbələr, məscidlər, bürc və s. bu gün də qalır və tarixi-mədəni əhəmiyyət daşıyırlar. Yaradılması XVI əsrə aid edilən Ağbil türbələri 1537-ci ildə Şirvanşah II Xəlilullah zamanında Şeyx Məzyədin şərəfinə tikilib. Ümumiyyətlə, Quba ərazisində 140 tarixi abidə mühafizə edilir.
   Bütün dünyada analoqu olmayan etnik azlığı bəlkə də dünyanın ən qədim dillərindən birində danışan, bənzərsiz xarakterik cizgilərini, adətlərini hifz edib saxlayan Xınalıq əhalisi və Xınalıq kəndi də Qubadadır.
   Sirli gözəllik dünyası Qubanın saf havasında Azərbaycanın ictimai, mədəni həyatında müstəsna rol oynayan tarixi şəxsiyyətin yetişmiş, orada fəaliyyət göstərmiş, yaşayıb-yaratmışlar; görkəmli dövlət xadimi Fətəli xan, mütəfəkkir alim, yazıçı Abbasqulu ağa Bakıxanov, yazıçı, maarif xadimi Səkinə xanım Axundzadə, alim Nadir İbrahimov, müğənni Fatma Mehrəliyeva, alim Əliheydər Orucov və başqa neçə-neçə gərəkli insanlar bu sıradandır.
   Hazırda Quba geniş turizm imkanlarına malik bir bölgə olaraq Azərbaycan əhalisinin və dünyanın səyahət həvəskarlarının böyük maraq dairəsindədir.
   Minlərlə insan gəlir, gedir... Gözəllik dünyası öz sirrini sona qədər açmır. Bir görən bir də görmək istəyir Qubanı...
   
   “Mədəniyyət”