Naxçıvan Dövlət Uşaq Teatrı naxçıvanlı yazıçı Bayram İsgəndərlinin «Meşə əhvalatı» əsasında ilin ilk tamaşasını təqdim etmişdir. Tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayev, rəssamı muxtar respublikanın əməkdar mədəniyyət işçisi Səyyad Bayramovdur.
   Tamaşadan sonra səhnə əsərinin müzakirəsi keçirildi. Naxçıvan Ali Məclisinin Humanitar siyasət, sosial-mədəni və ictimai təşkilatlarla iş şöbəsinin əməkdaşı Türqayə Əliyeva çıxış etdi. Teatrın bədii şurasının üzvü, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov kollektivi hazırlanan növbəti tamaşa münasibətilə təbrik etdi.
   Bədii şura üzvlərindən Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, bəstəkar Şəmsəddin Qasımov, Naxçıvan Dövlət Dram Teatrının direktoru, xalq artisti Kamran Quliyev, Naxçıvan Dövlət Uşaq Kitabxanasının direktoru Kamal Axundov, AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, sənətşünaslıq namizədi Əli Qəhrəmanov çıxışlarında peşəkar aktyorlarla gənc və yeniyetmə aktyorların səhnə davranışlarının uğurlu və çatışmayan cəhətlərini qeyd etdilər.
   Qeyd edək ki, tamaşada meşənin ət yeyən heyvanları(şir, canavar, ayı, tülkü, çaqqal) ilə ət yeməyən heyvanları(dovşan, dələ, sığır, bizon, meymun) arasında gedən mübarizə əks olunur. Burada qaçmaqdan yorulan ət yeməyən heyvanların meşənin vəhşi heyvanları ilə “ən şirin şey olan” Azadlıq uğrunda mübarizəsi və sonda azadlığa qovuşması uşaqların anlaycağı nağılvari bir dillə təcəssüm etdirilib.
   Tamaşada rolları Azərbaycanın əməkdar artisti Elmira Kərimova(tülkü), Naxçıvan MR-in əməkdar artisti Bəhruz Haqverdiyev(şir), Naxçıvan Dövlət Dram Teatrından dəvət olunmuş Tahir İsmayılov(ayı), Teyyub Zeynalzadə(bizon), həmçinin müxtəlif məktəblərin şagirdləri Qadir Məmmədli(sığır), Tofiq Əsgərzadə(dələ), Turac Hacızadə (Azadlıq), Səkinə Mehdiyeva(dovşan), Şümşad Rzayev(meymun), Elgün Hüseynov(pələng), Əmrah Novruzsoy(canavar) və 4-cü sinif şagirdləri Murad Hüseynli(dovşan) ilə Fərid Kərimov(çaqqal) ifa edirdilər.
   
   Elxan YURDOĞLU, 
Naxçıvan