Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Milli Məclisin deputatı Zahid Oruc da iştirak edib
      
   Dünən Bərdə rayonunun Mərkəzi Kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk elektron kitabxananın açılış mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
   Zahid Orucun qəzetimizə verdiyi məlumata görə, tədbirdə çıxış edən Ə.Qarayev Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən işlərdən, ölkə başçısı tərəfindən mədəniyyət və tarixi abidələrin bərpası, elm və təhsil sferasına göstərilən yüksək diqqət və qayğıdan danışıb: «Tarix elə gətirib ki, Bərdə Qarabağın həm giriş, həm də çıxış qapısına çevrilib. Nazir öz çıxışında rayon gənclərinin elmli, təhsilli olması, burada yerləşən mədəniyyət obyektlərinin yüksək səviyyəyə qaldırılması üçün görülən işlərdən bəhs etdi. Sonra nazir və onu müşayiət edən nümayəndə heyəti ilə rayon mədəniyyət sarayına və tarix-diyarşünaslıq muzeyinə, bir neçə musiqi məktəbinə getdik».
   Z.Oruc onu da bildirdi ki, açılış mərasimindən sonra Bərdənin tarixi mədəniyyət abidələri, o cümlədən Nüşabə qalası, türbələri, Cümə məscidi də ziyarət olunub. Azərbaycan tarixinin çox mühüm hissəsini özündə daşıyan, Bərdənin qədimliyini ifadə edən və ölkəmizi beynəlxalq aləmdə tanıdan bu abidələrin qorunub-saxlanması ilə bağlı diskussiyalar olub. Nazir tərəfindən atılan bu addımları rayon ictimaiyyəti yüksək qiymətləndirib.
   Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq respublikada kitabxanaların informasiyalaşdırılması işi həyata keçirilir.
   Bərdə rayonunda yaradılmış ilk elektron kitabxana rayon mərkəzi kitabxanasında təşkil olunub. Kitabxana üçün xüsusi Avtomatlaşdırılmış Kitabxana - İnformasiya Sistemi alınıb, habelə kitabxananın veb-saytı (http://www.barda-mks.az) yaradılaraq oxucuların istifadəsinə verilib. Kitabxananın binası əsaslı təmir olunub, müasir inventar və avadanlıqlarla təchiz edilib.
   Veb-saytda elektron kataloq və elektron kitabxana vasitəsilə oxuculara kitabxananın resursları, habelə kitabların tam mətni təqdim olunur. Elektron kitabxana bölməsində yüzlərlə müasir, latın qrafikalı kitabların tam mətni yerləşdirilib. Onlardan Azərbaycan və dünya ədəbiyyatından seçmələr, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan və xarici müəlliflərin nəşrlərini qeyd etmək olar. Bərdə Rayon Mərkəzi Kitabxanasının saytında kitabxana və onun şöbələri, habelə kitabxanada oxucular tərəfindən ən çox oxunan kitablar haqqında məlumat verilir. Veb-saytda kitabxana tərəfindən keçirilən tədbirlər mütəmadi işıqlandırılır. Saytda Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsinə dair linklərdə Qarabağ haqqında ətraflı məlumatlar əldə etmək mümkündür.
   Bundan başqa, saytda “Qədim Bərdə və bərdəlilər” məlumat bazası yerləşdirilib. Burada Bərdənin qədim dövrdən müasir dövrə qədər keçdiyi tarixi inkişaf mərhələsi, Bərdənin tarixi abidələri, habelə tanınmış bərdəlilər haqqında ətraflı məlumatlar yerləşdirilib.
   Sözügedən saytdan birbaşa Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının saytına daxil olmaq mümkündür.   

Fəxriyyə ABDULLAYEVA







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar