Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayından başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rayonlarda “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda seminarlar keçirilir. 
   
   Nazirliyin Elm və təhsil şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən layihə çərçivəsində indiyədək Gəncə, Lənkəran, Şamaxı, Ağdaş və Şirvanda seminarlar təşkil olunub.
   Qeyd edək ki, bölgələrdə ilk dəfə olaraq bu mövzuda seminarlar keçirilir.
   Bu səbəbdən yerlərdə layihəyə münasibətdə müxtəlif baxışlar var. Əsas odur ki, mövzunun mahiyyətini bölgələrdə çalışan mədəniyyət işçiləri düzgün dərk etsinlər. Bəs mahiyyət nədən ibarətdir?
   
   Kiçik layihələr başlanğıc üçün stimuldur
   
   Mədəniyyət siyasəti ilə bağlı verilən sərəncam və qərarların həyata keçirilməsində yerlərdəki mütəxəssislərin fəaliyyətindən çox şey asılıdır. Çünki yerli mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri bu sahənin probleminə daha yaxındırlar. Bu baxımdan yerlərdə həyata keçirilən kiçik layihələr başlanğıc üçün ilkin stimul ola bilər.
   Ötən müddətdə keçirilən seminarları müqayisə edən nazirliyin işçi heyəti Lənkəran şəhərindəki tədbiri xüsusilə yüksək qiymətləndirir, mədəniyyət işçilərinin müzakirələrdə daha fəal iştirak etdiklərinin vurğulayırlar.
   Nazirliyin Elm və təhsil şöbəsinin sektor müdiri Asif Usubəliyevin sözlərinə görə, rayonlarda keçirilən görüşlərdə önə çıxan məsələlərdən biri də mədəniyyət sahəsində inkişafın qeyri-tənasüblüyü ilə bağlıdır. Buna başlıca səbəb yerlərdəki passivlikdir. Mədəniyyətimizin təbliğində yerlərdən hansı təşəbbüslər olub? Belə təşəbbüs yoxdur. Mədəniyyətin böyük bir siyasət olduğu hamıya bəllidir. Regionlarda özünü mədəniyyət mütəxəssisi hesab edən hər bir şəxs bu siyasətə nə ilə xidmət etdiyini göstərməlidir.
   
   Yerlərdən gələn məktublarda təkliflər şikayətləri üstələməlidir
   
   Məlumdur ki, bu cür seminarlarda auditoriyalar maraqlı olur. Yerlərdəki əhali üçün ziyalılarla təmasda olmağın, alimlərlə görüşməyin, fikir mübadiləsi aparmağın böyük önəmi var. Digər tərəfdən, yerlərdə mədəniyyət sahəsində fəaliyyəti gücləndirmək üçün yalnız sərəncamları, tapşırıqları gözləməyə ehtiyac yoxdur.
   Məhz bu yanaşmada peşəkarlığın səviyyəsi üzə çıxır. A.Usubəliyevin sözlərinə görə, nazirliyin Elm və təhsil şöbəsinə il ərzində 40-a yaxın məktub daxil olub. Onların çoxu şikayətlərdir. Təklif və təşəbbüs xarakterli məktublar isə, demək olar ki, yoxdur. Bu fakt göstərir ki, yerli mədəniyyət işçiləri problemin həll yollarını yalnız şikayət etməkdə görür: “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda keçirilən seminarların da əsas mahiyyəti yerlərdə bu işi sürətləndirməkdir. Bu proses isə demərkəzləşmədən keçir. Demərkəzləşmə mədəniyyət siyasətində əsas məsələlərdən biridir. Yəni yerlərin paytaxtdan asılılığı aradan götürülməlidir. Nazirlik də demərkəzləşmənin tərəfdarıdır. Keçirilən bütün seminarlarda bu vurğulanıb. Qonşu Rusiyada artıq demərkəzləşmə sistemi mövcuddur».
   Nazirlik rəsmisinin sözlərinə görə, demərkəzləşmə siyasətinin həyata keçirilməsi yerli mütəxəssislərin aktivliyindən asılıdır: «Nə qədər ki, yerlərdə kadr problemi olacaq, təkliflər, təşəbbüslər olmayacaq, problemlər də artacaq. Bunun qarşısını almaq üçün Mədəniyyət və Turizm Nazirliyi yerlərdə “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda seminarlar təşkil edir. Şübhəsiz ki, bu layihənin müsbət nəticələri növbəti illərdə özünü göstərəcək».
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar