Mayın 10-da Astara rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə böyük öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə kitab bayramı keçirilib. Heydər Əliyev Muzeyinin qarşısında keçirilən bayramda rayon ictimaiyyəti, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları, rayon məktəbliləri iştirak ediblər.
   
   Tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi fəaliyyətindən, respublikada bütün sahələrdə gedən inkişaf prosesindən danışaraq Astara rayonunun da son dövrlər böyük inkişaf yolu keçdiyini qeyd edib.
   Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov çıxışında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2007-ci ildən başlayaraq respublikanın regionlarında keçirilən Kitab bayramının mədəniyyət sahəsində canlanmaya səbəb olduğunu vurğulayıb.
   Sonra MKS-in direktoru Nazim Fərəməzov uşaqların, yeniyetmə və gənclərin kitaba, elmə, mütaliəyə həvəsləndirilməsi istiqamətində aparılan işlərdən danışaraq, hər il keçirilən kitab bayramının əhəmiyyətindən söz açdı.
   Kitab bayramında gənc istedadların əl işlərindən ibarət sərgi, rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı eksponatlar, habelə rayon MKS-nin təşkil etdiyi kitab sərgiləri nümayiş etdirilib.
   Tədbirdə bir çox maraqlı viktorinalar, müsabiqələr, habelə rayon məktəblilərinin və mədəniyyət evinin rəqs kollektivlərinin çıxışı böyük maraqla qarşılanıb.