Mayın 25-də Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri Astarada kənd mədəniyyət işçiləri ilə görüş keçirdilər.
Görüş regionlarda, xüsusilə kənd mədəniyyət müəssisələrinin fəaliyyətində mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması və həlli yollarının müəyyənləşməsinə həsr olunmuşdu. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının səhiyyə, təhsil və mədəniyyət üzrə müavini Natiq İbadov, rayon və kənd mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri iştirak edirdi.
Tədbiri açan N.İbadov sözü Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanova verdi. F.Qurbanov regionların iqtisadi inkişafı ilə bağlı görülən işlər, mədəniyyət və turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri, son zamanlar mədəniyyət müəssisələrində aparılan quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verdi. Görüşdə rayon mədəniyyət müəssisələrinin fəaliyyətindən, mövcud çatışmazlıqlardan, onların həlli yollarından söz açıldı. F.Qurbanov qeyd etdi ki, bölgələrdəki mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri mövcud problemlər, onların həlli ilə bağlı təkliflərini daha aktiv şəkildə bildirməli, təşəbbüslər irəli sürməlidirlər.
Toplantıda Astara rayon Mərkəzi Kitabxana Sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Muzeyinin direktorları, digər mədəniyyət müəssisələrinin rəhbərləri çıxış etdilər. Sonda rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov çıxış edərək Astara rayonunun mədəniyyət müəssisələrindəki problemlərdən danışdı və ölkə prezidentinin mədəniyyət və turizmlə bağlı sərəncamlarına, Mədəniyyət və Turizm Nazirliynin müvafiq qərarlarına uyğun şəkildə bu problemlərin aradan qaldırılacağını bildirdi. Rayon mədəniyyət müəssisələrinin rəhbərləri də bu istiqamətdə görəcəkləri işləri diqqətə çatdırdılar.
Qeyd edək ki, F.Qurbanov Astara rayonunun bir neçə kəndində mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanış oldu.
Tədbir barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik.
İ.Hacılı