İyulun 23-də Latviyanın Yurmala şəhərində gənc populyar mahnı ifaçılarının 12-ci beynəlxalq “Yeni dalğa - 2013” (“Novaya volna”) müsabiqəsinə start verilib.
    Bu il müsabiqədə 16 ölkənin təmsilçisi iştirak edir. Azərbaycanı tanınmış ifaçı Cingiz Mustafayev təmsil edir. Müsabiqəyə keçmiş sovet respublikaları ilə yanaşı, Vyetnam, İndoneziya və Kubadan ifaçılar qatılıb.
   Builki müsabiqədə ilk dəfə olaraq iştirakçılar fonoqramsız çıxış edəcəklər. Tamaşaçılar bütün konsertlər zamanı yalnız “canlı” ifanı dinləyəcəklər.
   “Yeni dalğa” 2002-ci ildən ənənəvi olaraq Latviyanın kurort şəhəri Yurmalada keçirilir. Tədbirin təsisçiləri tanınmış bəstəkarlar İqor Krutoy və Raymond Paulsdur. Münsiflər heyətinə Valeri Meladze, Yuri Antonov, Toto Kutunyo, Layme Vaykule, İqor Nikolayev və başqa məşhur ifaçılar daxildir.
   Müsabiqə iyulun 28-də başa çatacaq. Müsabiqənin yekunlarına üç “Büllur dalğa” və pul mükafatları, eləcə də “Brilyant dalğa” tamaşaçı rəğbəti mükafatı təqdim olunacaq.