Daşkəsənin Çovdar kəndindən 3 kilometr kənarda, meşəlik ərazidə qədim alban məbədi aşkar edilib. Divar qalıqlarından məlum olur ki, 4-5-ci əsrlərə aid olan bu abidənin ətrafında köməkçi təsərrüfat tikililəri də mövcud olub.
Rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elçin Qurbanov bildirib ki, aşkar edilmiş abidə Daşkəsənin tarixi abidələri sırasında sayca 53-cü, alban abidəsi kimi isə 4-cüdür. Məbəd nəzarətə götürülüb, bu barədə Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib.
Şöbə müdirinin sözlərinə görə, rayonda alban memarlıq üslubunda olan əvvəlki 3 məbədin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bərpa olunması nəzərdə tutulub.