Rayonun Rəsm Qalereyasının fonduna 24 əsər təqdim edildi
   
   Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi, regionlarda bu sənətə marağın artırılması, rəsm qalereyalarının fondlarının zənginləşdirilməsi məqsədilə iyulun 24-30-da Şamaxıda təşkil etdiyi rəssamların yaradıcılıq emalatxanası maraqlı sərgi ilə başa çatdı. Şamaxı Mədəniyyət Evində düzənlənən sərgidə yaradıcılıq emalatxanasında çəkilən əsərlər nümayiş olunurdu.
   
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynov, Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, rəssamlardan Yaşar Əliyev, Arzu Əsgərov, Şamaxı Rəsm Qalereyasının və rayonun digər mədəniyyət müəssisələrinin işçiləri iştirak edirdi. Tədbirdə ilk çıxış edən Məleykə Kamilova vurğuladı ki, son illər bölgələrdə təsviri-incəsənət sahəsində keçirilən tədbirlərin sayı artmaqdadır: “Bizim üçün sevindirici haldır ki, belə tədbirlərdən biri də bu günlərdə Şamaxıda keçirildi. Buna görə biz Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümüzü bildiririk. Şamaxıda keçirilən rəssamların yaradıcılıq emalatxanası bölgədə gənc rəssamlara yeni ruh verdi. Onlar rayonumuza ezam olunmuş peşəkar rəssamlar tərəfindən ustad dərsləri almaqla bir daha biliklərini möhkəmləndirdilər”.
   Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynov isə bildirdi ki, 2008-ci ildən başlayaraq Qəbələ, Şəki və Qaxda bu tip emalatxanalar təşkil edilib və həmin rayonların rəsm qalereyalarının fonduna onlarla əsərlər daxil edilib: “Mədəniyyət və Turizm Nazirliyi bundan sonra da bölgələrdə bu tip tədbirlərin keçirilməsini təşkil olunmasında maraqlıdır. Əvvəlki illərə diqqət yetirsək təsviri sənətlə bağlı layihələrin az olduğunu görərik. Amma son illər bu sahədə istər paytaxtda, istər bölgələrdə müxtəlif layihələr həyata keçirilir. Bugünkü tədbirin də böyük önəmi var. Rəssamların təması, ustad dərsləri, rəsm qalereyalarının fondunun yeni əsərlərlə zənginləşdirilməsi və bu sahəyə marağın cəlb olunması təsviri sənətin inkişafına zəmin yaradır”.
   Nazirlik təmsilçisi bu tədbirin gənc rəssamların və tələbələrin həyatında böyük təsiri olacağına ümidvar olduğunu vurğuladı: “Bu gün Azərbaycan təsviri sənətinə dünyada böyük maraq var. Almaniya, Fransa və digər ölkələrdə rəssamlarımızın əsərlərinin sərgiləri keçirilir. Rəssamlarımız müxtəlif beynəlxalq simpoziumlarda iştirak edir. Bu ənənəni davam etdirmək üçün belə tədbirlərin əhəmiyyəti böyükdür”.
   Çıxışlardan sonra tədbir iştirakçıları bir həftə ərzində peşəkar və tələbə rəssamlar tərəfindən təbiət qoynunda çəkilən əsərlərlə tanış oldular. Rəssam Arzu Əsgərov Şamaxı şəhərində keçirilən tədbiri yüksək qiymətləndirdi. O bildirdi ki, rəssamların təbiət-məişət janrında işlədiyi bu əsərləri yüksək dəyərləndirmək olar: “Şamaxının gözəl təbiəti və ab-havası rəssamların əsərlərində əks olundu. Realizm, abstraksionizm üslubunda olan təsvirlər çox dolğun idi. Bundan əlavə, tələbələrə ustad dərslərində yağlı və sulu boya ilə işlənmə texnikaları başa salındı”.
   Rəssam Yaşar Əliyev isə bu cür tədbirlərin gənc nəsil üçün bir örnək olduğunu vurğuladı: “Tələbələrin peşəkar rəssamlarla təbiətin qoynunda birgə çalışması onların inkişafına təkan verən amildir. Etiraf edək ki, bölgələrdəki dərnəklər peşəkar səviyyədə deyil. Bu baxımdan rayonlarda rəssamların yaradıcılıq emalatxanasının təşkil olunması bu peşəkarlığın yaranmasına da xidmət edəcək”.
   Qeyd edək ki, Şamaxıda təşkil olunan yaradıcılıq emalatxanasında iştirak edən 10 rəssamın hamısı Rəssamlar İttifaqının üzvləri idi. Tədbirə Ağdaş, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonunun gənc rəssamları, uşaq incəsənət məktəblərinin tələbələri də qatılmışdı.
   Yaradıcılıq emalatxanasının fəaliyyətinin nəticəsi olaraq peşəkar rəssamlar və tələbələrin çəkdikləri 24 rəsm əsəri Şamaxı Rayon Rəsm Qalereyasının fonduna qəbul edildi. Onu da qeyd edək ki, bu cür tədbirlər sentyabr ayından başlayaraq respublikamızın müxtəlif bölgələrində davam etdiriləcək.
   
   İntiqam Hacılı