Ağcabədi rayonu ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 7 min ildən artıq yaşı olan yaşayış məskəni aşkar edilib. Qazıntı işləri rayonun Qaradolaq kəndi yaxınlığında Kamiltəpə adlanan ərazidə aparılır. Qeyd edək ki, ötən ilin yayında başlanan tədqiqat işlərinə Almaniyanın Arxeologiya İnstitutunun əməkdaşı doktor Barbara Helvinq başçılıq edir. Ekspedisiyanın tərkibində Azərbaycan və Almaniya elm adamları ilə yanaşı, dünyanın 8 ölkəsindən 20-yə qədər mütəxəssis var.
Alman arxeoloq Barbara Helvinqin sözlərinə görə, abidədən götürülən torpaq və digər nümunlərin analizi buranın dəqiq yaşını müəyyənləşdirməyə imkan verib. Araşdırmalar nəticəsində məlum olub ki, e.ə 6-cı minillikdə bu ərazidə gur həyat mövcud olub. Üstəlik buradakı mədəniyyət İran və Xəzər ətrafındakı mədəniyyətlərlə də sıx əlaqəlidir. Almaniyalı arxeoloq bildirib ki, Kamiltəpədə aşkar olunan tarixi abidə həm qədimliyi, həm də miqyasına görə Azərbaycandakı analoqlarından fərqlənir. Almaniyalı alim onu da bildirib ki, aşkarlanan tarixi abidələrdən və ərazinin təbiətindən düzgün istifadə etməklə bölgədə turizmi inkişaf etdirmək olar.