Beynəlxalq ekspedisiyanın nəticələri bu bölgəyə turist axınına də təkan verə bilər
Azərbaycan-Almaniya-Gürcüstan beynəlxalq arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində eramızdan əvvəl V-IV əsrlərə aid saray qalıqlarının tədqiqini davam etdirir.
Milli Elmlər Akademiyasından verilən məlumata görə, arxeoloqlar uzunu 80, eni 70 metr olan bu sarayı təkcə Azərbaycanın deyil, bütövlükdə Ön Asiyanın tarixinin öyrənilməsi baxımından əhəmiyyətli sayırlar.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev və Almaniyanın Münxen muzeyinin direktor müavini, Heydelberq Universitetinin əməkdaşı Florian Klassın rəhbərlik etdikləri ekspedisiya 2007-ci ildə burada eramızdan əvvəl V-IV əsrlərə, yəni Əhəmənilər imperiyasına aid sarayın qalıqlarını aşkar ediblər. Bu il ərazidə arxeoloji qazıntı peyk vasitəsilə çəkilən xəritəyə əsasən aparılıb.
Artlq məlum olub ki, əvvəlki illərdə aşkarlanan hissələr, o cümlədən sütunaltlıqları əslində sarayın girişidir. Sarayın özünün isə 80 metr uzunu, 70 metr eni vardır. Divarlar çiy kərpicdən tikilsə də, sütunaltlıqları yerli daşdan xüsusi memarlıq üslubunda yonulub. Otaqların birində 4 belə sütunaltlığı tapılıb. Digər bir otaqda hələlik 2 ədəd kvadrat şəkildə altlıq aşkarlanıb.
İranın sərhədlərindən kənarda Əhəmənilər dövlətinə məxsus hələlik 3 saray aşkar olunub və onun da 2-si Azərbaycan ərazisindədir.