Qədim tarixə, zəngin mədəni irsə malik Naxçıvan torpağı öz təbii gözəlliyi ilə fərqlənir. Tanrı bu bölgəyə bir-birindən gözəl, ecazkar təbiət mənzərələri bəxş edib. Bu qədim yurdun torpaqlarını qarış-qarış gəzdikcə hər obada, hər dağ cığırında bir sehrli aləm görmək olur. Ordubad rayonu bu aləm içində maraqlı bir səhifə yaradır. Özünəməxsus iqlimi, flora və faunası ilə diqqəti çəkən Ordubad torpağında əsrarəngiz təbiət abidələri var. Onlardan biri də rayonun Pəzməri kəndi yaxınlığındakı eyniadlı şəlalədir.
   
   Təbii gözəlliklərinə görə, Azərbaycan incisi sayılan Ordubadın tacı məhz Pəzməri şəlaləsidir. Şəlalə Zəngəzur silsiləsinin Ordubad rayonu ərazisində yerləşən Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı Pəzməri çayının üzərində yerləşən təbiət abidəsidir. Yuxarı axarlarda kanyonvari dar, kaskadlı dərələrdən keçən, əsasən, bulaq və qar suları ilə qidalanan və Pəzməri çayının qolu olan Ayıçınqılı çayının Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsində 2161 metr hündürlükdə gur şəlalə yaradır. Pəzməri şəlaləsi su sərfi, axının sürəti, enerji ehtiyatı ilə fərqlənir. Azərbaycanda ən böyük şəlalələrdən biridir. Karbonatlı süxurlar üzərində şəlalənin nisbi hündürlüyü təxminən 30 metrdir. Bu ilin əvvəlində baş verən dağ uçqunu nəticəsində şəlalənin bir hissəsi daş və qaya parçaları ilə dolub və onun hündürlüyü qismən azalıb.
   Pəzməri kəndindən 4-5 kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini görmək üçün Naxçıvanın bütün bölgələrindən buraya çoxlu turistlər gəlir. Hərçənd şəlalənin yanına enmək heç də asan deyil və hər adama nəsib olmur. Şəlaləyə iki yerdən həm dağların zirvəsi ilə həm də dərələrlə yol gedir. Şəlaləyə dərələrlə gedən yol bu təbiət abidəsinin üzərində yerləşdiyi Pəzməri çayının axarıyla yanaşıdır. Dağların zirvəsi ilə gedən yolu isə ya atla, ya da UAZ markalı avtomobillə getmək mümkündür. Amma bununla belə yenə də şəlalə ilə möhtəşəm görüşə çatmaq üçün mütləq piyada yol getmək lazımdır.
   Onu da qeyd edək ki, Pəzməri şəlaləsi həm də Qaplan şəlaləsi adı ilə tanınır. Bu isə onunla bağlıdır ki, Pəzməri çayının bir neçə qolu var və bu qollar birləşərək şəlalənin özünün töküldüyü çayı əmələ gətirir. Həmin qollardan ən bolsulu olanı isə Qaplan çayı adı ilə tanınır. Bu da həmin ərazidə qaplanın çox olması ilə əlaqələndirilir. Çünki bu dağlar heyvanat aləmi ilə məşhurdur. Zəngin təbiət burda ən müxtəlif heyvan növlərinin yaşamasına imkan verir. Burada dağ keçisi, ayı, canavar, porsuq və sair heyvanlara, o cümlədən müxtəlif meşə quşlarına rast gəlmək olar. Amma ərazidə qaplanın çox olması ilə bağlı buradakı çay və şəlalə zaman-zaman bu dağ yırtıcısının adı ilə adlandırılıb.
   Pəzməri şəlaləsi zəngin enerji ehtiyatına malikdir. Şəlalənin orta illik su sərfi 1,34 m3/saniyədir. Yayın əvvəllərində su sərfi 25 m3/ saniyəni ötə bilir.
   Keçmişdə şəlalənin kinetik enerjisindən istifadə etmək məqsədilə burada su dəyirmanı qurulub və dən üyüdülüb. Pəzməri kəndinin yuxarı hissəsində olan dəyirmanın qalıqları da indiyə qədər qalır. Hazırkı dövrdə isə bu şəlalədən və onun üzərində olduğu çayın suyundan suvarmada və içməli suya olan tələbatın ödənilməsində istifadə edilir.
   Onu da qeyd edək ki, Pəzməri çayının üzərindəki eyniadlı böyük şəlalədən başqa bir neçə xırda şəlalə də mövcuddur. Bu şəlalələr ərazidə olduqca gözəl bir mənzərə yaratmaqla yanaşı, həm də burada turizm potensialının olmasından xəbər verir. Təkcə muxtar respublika sakinləri deyil, eləcə də vaxtaşırı, xüsusilə də ilin yaz və yay aylarında digər bölgələrdən də əhalinin məhz bu şəlalələr kompleksini görmək üçün buraya gəlməsi diqqətçəkən məqamlardan biridir. Gələcəkdə bu ərazidə turist bazalarının yaradılması və ekskursiyaların, turist gəzintilərinin təşkil olunması həm bu təbiət abidələrinin daha da məşhurlaşmasına, həm də daha geniş ərazidə tanınmasına kömək edə bilər.
   
   Məmməd Babayev,
   Naxçıvan