Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi, regionlarda bu sənətə marağın artırılması, rəsm qalereyalarının fondlarının zənginləşdirilməsi məqsədilə Qusarda təşkil etdiyi rəssamların yaradıcılıq emalatxanası oktyabrın 28-də maraqlı sərgi ilə başa çatdı.
   
   Qusar Rəsm Qalereyasında keçirilən sərgidə yaradıcılıq emalatxanasında çəkilən 60-a yaxın rəsm əsərləri nümayiş olunurdu.
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynov, Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbrahimxəlilov, rəssamlardan Yaşar Əliyev, Arzu Əsgərov, Elşad Hüseynov, Ələsgər Kazımov, Emin Əsgərov, Anar Hüseynzadə, Adil Yusifov, İlahə Zeynalova, Nazim Şahverdiyev, Ruqiyyə Rəhimova, İlahə Əliyeva, Zərnişan Alqayeva, Leyla Nəsibova, Fərhad İsgəndərov, Cümşüd İbrahimli, Telman Babayev, Bakı şəhəri və Qusar rayonunun musiqiçiləri, Qusar Rəsm Qalereyasının və rayonun digər mədəniyyət müəssisələrinin işçiləri iştirak edirdi.
   Sərgidə ilk çıxış edən Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramhixəlilov vurğuladı ki, oktyabrın 4-də başlanan yaradıcılıq emalatxanasına bu sərgi ilə son qoyulur: “Qusarda keçirilən rəssamların yaradıcılıq emalatxanası bölgədə gənc rəssamlara yeni ruh verdi. Onlar rayonumuza ezam olunmuş peşəkar rəssamlar tərəfindən ustad dərsləri almaqla bir daha biliklərini möhkəmləndirdilər”.
   Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elnur Hüseynov isə bildirdi ki, 2008-ci ildən başlayaraq Qəbələ, Şəki, Qax və Şamaxıda bu tip emalatxanalar təşkil edilib və həmin rayonların rəsm qalereyalarının fonduna onlarla əsər daxil olub: “Mədəniyyət və Turizm Nazirliyi bundan sonra da bölgələrdə bu tip tədbirlərin keçirilməsində maraqlıdır.
   Son illər bu sahədə istər paytaxtda, istər bölgələrdə müxtəlif layihələr həyata keçirilir. Rəssamların təması, ustad dərsləri, rəsm qalereyalarının fondunun yeni əsərlərlə zənginləşdirilməsi və bu sahəyə marağın cəlb olunması təsviri sənətin inkişafına zəmin yaradır”.
   Nazirlik təmsilçisi bu tədbirin gənc rəssamların və tələbələrin həyatında böyük təsiri olacağına ümidvar olduğunu vurğuladı: “Bu gün Azərbaycan təsviri sənətinə dünyada böyük maraq var. Müxtəlif xarici ölkələrdə rəssamlarımızın əsərlərinin sərgiləri keçirilir. Bu ənənəni davam etdirmək üçün belə tədbirlərin əhəmiyyəti böyükdür”.
   Qeyd edək ki, Qusar rayonunda təşkil olunan yaradıcılıq emalatxanasında iştirak etmiş 18 rəssamın hamısı peşəkar və tanınmış mütəxəssislərdir. 24 gün keçirilən emalatxanaya Qusar rayonu ilə yanaşı Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonunun gənc rəssamları, uşaq incəsənət məktəblərinin tələbələri də qatılıb.
   Yaradıcılıq emalatxanasının fəaliyyətinin nəticəsi olaraq peşəkar rəssamlar və tələbələrin çəkdikləri 40 rəsm əsəri Şamaxı rayon Rəsm Qalereyasının fonduna qəbul ediləcək. Sərgi ilə tanışlıqdan sonra Qusar Mədəniyyət Sarayında konsert proqramı oldu. Proqramda Bakı şəhərindən gəlmiş musiqiçilərlə yanaşı (Elxan Cəfərov, Şahnaz Vəliyeva, Dilbər Kazımova, Ofeliya Orucova, Lətafət Mirhəsənova, Nurlan Əzizbəyli) Qusar rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivi də iştirak edirdi.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar