Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi müxtəlif mövzuları və sahələri əhatə edən mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə yanaşı, folklor və teatr sahəsi üzrə də ardıcıl işlər həyata keçirir. Rayon Mədəniyyət Evində fəaliyyət göstərən C.Məmmədquluzadə adına Xalq Teatrı və Bum qəsəbə Mədəniyyət Evində fəaliyyət göstərən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı rayon və ümumrespublika tədbirlərinin, müsabiqə və festivalların fəal iştirakçılarıdır.
C.Məmmədquluzadə adına Xalq Teatrının əsası istedadlı rejissor və aktyor Şirin Abdullayevin səyi ilə 1960-cı ildə qoyulub. 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə kollektiv “xalq teatrı” adını alıb və ona C.Məmmədquluzadənin adı verilib.
Teatrda C.Cabbarlının “1905-ci ildə”, “Yaşar”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Aydın”, “Almaz”, S.Rəhmanın “Toy”, H.Cavidin “İblis”, V.Şekspirin “Hamlet”, C.Məmmədquluzadənin “Ölülər” və s. pyeslər səhnə təcəssümünü tapıb. Tamaşalarda Kamal Osmanlı, Sirac Gəncimov, Əhməd Bəkirov, Təmi Hacıyev, Tamara Cəfərova, Əmrah Səlimov, Eldəniz Manafov, Əsmayə Osmanova, Firuzə Mikayılova kimi istedadlı aktyorlar çıxış ediblər.
C.Məmmədquluzadə adına Xalq Teatrı bu gün də əzmlə işləyir. Rejissor F.Sərkərovun səyi ilə teatrda son dövrlərdə İ.B.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım”, A.Quliyevin “Qoz əhvalatı”, A.Kuprinin “Olesya”, K.Nemətin “Təzə xadimə” pyesləri səhnəyə qoyulub. Teatr 2009-cu ildə Şəkidə keçirilən ümumrespublika xalq teatrlarının baxış festivalında çıxış edib. Hazırda teatrın 12 üzvü var. Kollektiv F.Mustafanın “Sənə sözüm var” pyesini tamaşaya hazırlayır.
Bum qəsəbə Mədəniyyət Evində fəaliyyət göstərən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı xalq oyunlarını, deyimlərini, musiqisini fəal təbliğ edir. 1980-ci ildə yaradılan ansambla 1989-cu ildə “xalq kollektivi” adı verilib. Ansambl ötən illərdə bir sıra müsabiqə və festivallarda iştirak edib. 1988-ci ildə “Gülüstan” folklor teatrının tərkibində Fransanın Manquem, Konfalan və Lion şəhərlərində keçirilmiş ümumdünya folklor festivalında bürünc medala layiq görülüb.
Hazırda ansamblın 12 üzvü var. Rayonda keçirilən mədəni tədbirlərin, son iki ildə Bakıda keçirilən ümumrespublika “Novruz” bayramı tədbirlərində ansambl uğurla çıxış edir və yüksək fəallıq göstərir.
Anar Rüstəmli,
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru