Xəbər verdiyimiz kimi, bu yaxınlarda Türkiyənin Konya şəhərində Səlcuq Universiteti Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq türk toxuculuq və ənənəvi sənətkarlıq konfransında Azərbaycan alimlərinin məruzələri maraqla qarşılanıb.
   
   Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi, «Miras” ictimai birliyinin sədri Fariz Xəlillinin “Orta əsr Ağsu şəhər qazıntılarında tekstil və boyaq örnəkləri“ mövzusunda məruzəsi də konfrans iştirakçılarının diqqətini çəkib. Alim mövzu ilə bağlı apardığı araşdırmalar barədə qəzetimizə məlumat verdi.
   - 2010-cu ilin martından «Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşəbbüsü ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə orta əsr Ağsu şəhərində arxeoloji tədqiqatlar aparır. İndiyədək aparılan tədqiqat nəticəsində dörd mindən çox arxeoloji material aşkar edilib. Müəyyən olunub ki, orta əsr Ağsu şəhəri XII-XIII əsrlərdə salınıb və XVIII əsrədək bura iri yaşayış məskəni olub.
   Aşkar olunan arxeoloji materiallar üzərində aparılan araşdırmalar nəticəsində digər eksponatlarla bərabər parça və boyaq nümunələri diqqət çəkdi. Üç qazıntı sahəsində tikiş sexi adlandırılan binadan çoxlu sayda məişət əşyaları - qayçı, iynə, düymə, ip yumaqları və s. aşkar olundu. İynə və bizlər misdən hazırlanıb, düymələr isə əsasən sümükdəndir. Ərazidə qədim tikiş sexinin yanında kiçik boyaq dükanı aşkar olunub. Həmin boyaq dükanında dörd boyaq küpü vardı. Küplərin içərisi qırmızı rəngli boya ilə dolu idi, ətrafında isə torpağa xeyli boyaq qarışmışdı. Həmin boyaq nümunələri Türkiyə Kültür Vakfı Təbii Boyalar Laboratoriyasında professor Rəcəb Qaradağ və Əminə Torqan tərəfindən analiz olunub. Nəticədə boyaq küpü nümunələrində alizarin boyaq maddələri aşkarlanıb.
   Dövrün vergi sənədlərindən məlum olur ki, orta əsr Ağsu şəhərində çoxlu boyaqçı yaşayıb. Burada verginin yarıdan çoxunu boyaqçılar ödəyib. Qeyd olunan fakt Azərbaycanın orta əsrlərdə boyaqçılıq mərkəzlərindən biri olmasını sübut edir. Bu da xarici alimlərin marağına səbəb oldu.
   Onu da qeyd edim ki, Türkiyədə aparılan boyaq analizinin nəticələri bu ilin fevralında İsraildə keçirilən “Boyaq elmi və incəsənəti“ adlı beynəlxalq simpoziumda məruzə olunub. Bu yöndə tədqiqatlarımız Konyada III Beynəlxalq türk toxuculuq və ənənəvi sənətkarlıq konfransında da diqqətə çatdırıldı.
   Konfransda Türkiyə, İtaliya, Rusiya və digər ölkələrdən mütəxəssislər orta əsr Ağsu şəhərində arxeoloji qazıntıların nəticələrinə böyük maraq göstərdilər. Bununla bağlı videogörüntülər, kitab və kataloqlar konfrans iştirakçılarına təqdim edildi. Tədbirdə Azərbaycan arxeoloqlarının tədqiqatlarının əhəmiyyəti yüksək dəyərləndirildi və Türkiyənin ayrı-ayrı şəhərlərində Ağsu ekspedisiyasının materiallarından ibarət sərgilərin təşkili məsələsi də gündəmə gəldi.
   Sonda onu da deyim ki, bu ərazilərdə arxeoloji tədqiqatların davam etdirilməsi orta əsr Ağsu şəhərində toxuculuq və boyaqçılığı daha dərindən öyrənməyə imkan verəcək.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar