Oxucu məktubu
   
   Salam, hörmətli “Mədəniyyət”!
   Gəlin tanış olaq: Cavid Tahirov. Qusar rayonu Çiləgir kənd klubunun müdiri.
   ...Özünüzü təqdim etməsəniz də olar. Mən Sizi çoxdan tanıyıram. Neçə illərdi ki, mənim iş otağımda görüşürük. Mən Sizi görürəm, Sizinlə danışıram, həm də Sizin yazdıqlarınızı, dediklərinizi görürəm, eşidirəm. Bu uzun-qısa zaman kəsiyində mən Sizinlə haralara getməmişəm - xarici ölkələrə, Azərbaycanın paytaxtına, əyalətlərinə, ucqar dağ kəndlərinə, tarixi və mədəniyyət obyektlərinə...
   Birlikdə hansı tədbirlərdə iştirak etməmişik - müxtəlif qastrol və festivallarda, tamaşa və konsertlərdə, bayram və el şənliklərində...
   Əgər xatırlasaq ki, kimlərlə görüşmüşük - dövlət xadimləri və nazirlərlə, xalq artistləri, korifey və gənc sənətkarlarla, Hollivud ulduzları və tələbələrlə - mübaliğəsiz deyirəm ki, bu siyahı bir neçə qəzet səhifələrinə də yerləşməz. Ona görə ki, “Mədəniyyət” olaraq Sizin qollarınız uzun, ayaqlarınız yüyrək, gözünüz uzaqgörən, sözünüz kəsərli, ürəyiniz açıqdır.
   İntəhası, elə mədəniyyət müəssisələri var ki, Siz oralarla, oraların işçilərilə, bu işçilərin fəaliyyətləri, qazandıqları nailiyyətləri ilə - inciməyin - hələ tanış deyilsiniz.
   Məsələn, Qusar rayonunun Hil kənd mədəniyyət evinin “Mel” folklor ansamblı ilə tanışsınızmı? Kuxuroba kənd mədəniyyət evində qonşu kəndlərin də gənc, istedadlı musiqiçilərinin iştirakı ilə keçirilməsi ənənə halını almış “Kuxuroba ulduzu” musiqi müsabiqəsi haqqında məlumatınız varmı?
   Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, bu sətirlərin müəllifinin iştirakı ilə 18 aprel - “Beynəlxalq abidələr və tarixi yerlər günü”ndə açıq səma altında tarixi, qədimi, mədəniyyət və məişət əşyalarından, tikmə və toxuma əl işlərindən, yeniyetmə və gənclərin hazırladıqları müxtəlif mənzərə, fiqur və suvenirlərdən ibarət səyyar sərginin təşkil olunmasından və digər müxtəlif tədbirlər haqda məlumatınız yoxdursa, onda günahı başqasında yox, özümüzdə (özümdə) görürəm. Ona görə ki, bu və ya digər mədəni-kütləvi tədbirlər haqqında bir səhifə yazını yazmağa vaxt tapmırıqsa, müasir zamanda Sizinlə operativ əlaqə yaratmaq heç də müşkül məsələ deyilsə... bəs?..
   Hörmətli məsləkdaş, bir məsəl var: “Heç olmamaqdansa, gec də olsa yaxşıdır”. Düşünürəm ki, məqsədimi, meyarımı, amalımı Sizə çatdıra bildim.
   İnşallah, bundan sonra tez-tez yazışarıq, söhbətləşərik.
   Çalışaram ki, “Əyrini əyri, düzü həm var” yazım.
   
   Cavid Tahirov,
   Qusar rayonu Çiləgir kənd klubunun müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar