Qədim zamanlarda Şirvan elində bir kənd vardı. Bu kənddən baxanda qarşı tərəfdə boz dağlar görünər, bir tərəf isə düzəngah olaraq uzanardı. Kəndin adamları mal-heyvan saxlar, gündəlik ruzilərini torpaqdan çıxarardılar.
   
   Kənddə hamının mal-heyvanını Kəkə adlı naxırçı güdərdi. Kəkə yetimçiliklə böyümüşdü. Onun-bunun həyətində işləməklə, qoyun-quzunu otarmaqla bir qarnı ac, bir qarnı tox dolanırdı. On beş-on altı yaşında olan bu oğlanın zəhmətdən bərkimiş əlləri, güclü əzələləri, enli kürəyi onu yaşıdlarından fərqləndirərdi. Naxırçı Kəkə səhər açılan kimi kəndin mal-qarasını qabağına qatıb qarşı tərəfdəki boz dağlara tərəf qovar, gün batana qədər çöl-bayırda olardı. Kənd adamları onun zəhməti müqabilində un, taxıl, yağ və sair verər, naxırçı bu yolla dolanardı. Kəkəni yaşıdlarından fərqləndirən onun dözümlü, zəhmətkeş, ağıllı və zehinli olması idi. Naxırçı əslində çöl-biyabanda bitən otların, ağacların sirrini bilər, çöllərdə bitən çiçəklərdən dava-dərman da düzəldərdi. Söylərdilər ki, naxırçı oğlan heyvanların, quşların da dilini bilir, hətta onlarla söhbətləşir də.
   Kənddə zəhmli və deyingən bir qarı yaşayırdı. Hamı çalışırdı ki, qarının söz-söhbətindən, qəzəbindən uzaq gəzsin. Onun dilinə düşən adamın söz-söhbəti kəsilməz, obada dinclik tapmazdı. Kəndin ortasındakı komasında yaşayan qarının tək bircə inəyi vardı. Kəkə də hamı kimi kimsəsiz qarıya hörmət edər, onun inəyini otarması üçün haqq almazdı. Qarı isə heç vaxt naxırçının işinə görə ona sağ ol deməz, əksinə, inəyi naxırdan bir qədər gec qayıdan kimi Kəkəni yamanlardı.
   Adi günlərdən biri idi. Payıza doğru havalar soyumağa, bağ-bağat saralmağa başlamışdı. Qarının inəyi mərdimazar heyvan olduğundan orda-burda özünü bağ-bərəyə təpər, qarnını doyurmamış kəndə qayıtmazdı. Naxırçı hər gün bu inəyi kəndə qaytarar, qarıya təhvil verib, öz komasına gedərdi. Bu gün isə inək onun diqqətindən yayınmış, gözdən yayınaraq örüşdə qalmışdı. Kəkə naxırı kəndin içərisinə qovanda qarının darvazada dayandığını gördü. Elə onda anladı ki, qarının inəyi naxırdan qayıtmayıb. Qarı eləcə onu görən kimi başladı qarasınca deyinməyə. Qarı özü də bilirdi ki, inəyi orda-burda qarnını doyurmasa çətin ki, həyətə qayıtsın. Günün batmasına hələ xeyli vardı.
   Naxırçı elə qarının darvazasındanca geri, boz dağlara tərəf qayıtdı. Qarı isə doqqazın ağzında dayanıb onun qarasınca deyinirdi. Kəndin qırağında qalın meşəlik var idi. Kəkə bilirdi ki, qarının inəyi haradasa bu tərəflərdə olar. O, meşənin kənarı ilə keçən cığırla irəlilədi. Bir qədər getmişdi ki, qarının inəyini saralmış meşə otlarının qalın olduğu yerdə gördü. İnək payız otlarını yeyir, qarnını doyurmağa çalışırdı. Kəkə inəyi görən kimi ona tərəf irəlilədi. Naxırçının yaxınlaşdığını görən inək otlamağa ara verib, başını yuxarı qaldırdı.
   Gündüz axşama kimi naxırın dalınca ora-bura vurnuxan, yorğunluqdan çarığının içində ayaqları gizildəyən cavan naxırçı kiminləsə danışırmış kimi inəyə müraciət etdi:
   - Ay Allahın heyvanı axı, niyə belə edirsən? Sən bilmirsən ki, sənin üstündə qarı mənim günümü göy əskiyə bükər.
   İnək əlində çomağı olan naxırçının ona çatmasını gözləməyib nəgahani dilləndi:
   - Mən qarnımı doyurmasam geri qayıdan deyiləm. O, zalım qarı hər axşam böyük sərinc dolmayınca məndən əl çəkmir. Qanımı da sormaqdısa sərinci doldurur. Balama isə əmmək üçün döşlərimdə süd saxlamır. Həm də ki, süd az olanda səhərə qədər deyinir.
   Naxırçı eşitdiklərindən dəhşətə gəldi. Ətrafına baxdı. Bilmək istədi ki, görsün onun heyvanla olan söhbətini eşidən olmadı ki? Kəkə geriyə, kəndə tərəf dönəndə qarını arxasında dayanan gördü. Naxırçıya agah oldu ki, qarı onunla inəyin söhbətini eşitdi. Bildi ki, qarı bu sirri saxlamaz, onu hamıya danışacaq. Odur ki, ürəyində Allaha yalvardı ki, bu sirr açılmasın deyə, onu qara daşa döndərsin. Naxırçının arzusunu eşidən Tanrı bir andaca onu qara bir daşa döndərdi. Gördüklərindən heyrətlənmiş qarı qarşısındakı daşa bir ağac vurub, inəyini qabağına qatıb evinə gətirdi. Axşam düşürdü. Gördüklərini qonum-qonşuya danışan qarıya heç kim inanmaq istəmirdi. Camaat elə bilirdi ki, qarı havalanıb.
   Səhər açılanda, adi qayda üzrə adamlar heyvanları naxıra ötürmək üçün kəndin kənarına topladılar. Gündəkindən fərqli olaraq nə naxırçı Kəkə gəldi, nə də naxırı çölə aparan tapıldı. Qarı isə axşam gördüklərini yenidən danışdı.
   Hamını maraq bürüdüyündən camaat qarının dalınca kəndin kənarındakı meşəyə axışdı. Görənlər inanmaq istəmədilər. Doğrudan da qarının göstərdiyi yerdə bir yekə qara daş var idi. Bu yerlərə bələd olan adamlar bilirdilər ki, bu arada indiyə qədər bircə qırıq belə olsun daş olmayıb. Həndəvərin hamısı yumşaq torpaq və göy otluq idi. Kənd adamları hamısı maraq xətrinə əllərini daşa sürtüb, onun möhkəm və sərt olduğuna tam əmin oldular. O gün mal-qara naxırçısız çölə-meşəyə dağılışdı. O gündən sonra kənddə naxıra gedən tapılmadı. Hərə öz heyvanlarını özü otarası oldu. Hamı bu qara daşın yanından keçəndə qeyri-ixtiyari ona yaxınlaşıb, əllərini sürtər, bəzən adam tapmayanda dərd-sərlərini bu qara daşa söyləyərdi.
   Kənddən üzü dağlar səmtə çıxanlar yolun qırağında daşa dönmüş naxırçını görürdülər. Sonralar inəyi itən deyingən qarı həqiqətən havalandı. Dəli olmuş qarı ölüncə naxırçı Kəkə ilə inəyin söhbətləşməsini hər gün yüz dəfələrlə danışdı, söylədi.
   İllər ötdü. Yolun kənarında əllərini göylərə açıb qara daşa inanc gətirənlər ətrafı abadlaşdırmaq fikrinə düşdülər. Kəndin bir nəfər imkanlısı gətirib yaxınlıqda ağac əkdi. Daşa dönmüş naxırçı Kəkənin halına acıdı. İstədi ki, bu qara daş yağışın, soyuğun qabağında qalmasın. Mişar daşı, tikinti-materialları gətirib qısa müddətdə bir tikinti ucaltdı. Daş qaldı tikilən binanın içində. Tikinti başa çatan gün binanın üstünü dəmir örtüklə örtdülər.
   Axşam hamı dağılışıb getdi evinə. Tikinti tikdirən şəxs isə xeyli rahatlanmışdı. Təsəlli tapmışdı ki, daha bu inanc yeri olan, bir naxırçı oğlanın hekayətini özündə yaşadan daş çöldə-bayırda qalmayacaq. Həmin gecə bütün kənd bu təzə tikintidən danışdı.
   Səhər açılanda, adəti üzrə mal-heyvanı örüşə ötürənlər gördüklərindən heyrətə gəldilər. Xeyli xərclə başa gələn tikinti tam dağıdılmış, divarların hərəsi bir tərəfə uçurulmuşdu. Lap məəttəl qalası iş idi.
   Elin, obanın ağsaqqalları bir yerə yığışdılar. Xeyli məsləhət-məşvərət etdilər. Sonda bir nurani dünyagörmüşün fikri ilə hamı razılaşdı. Bu ixtiyar qoca söylədi ki, bir arzusu ilə daşa dönmüş Kəkə bütün ömrü boyu çöldə bayırda olub. Yağışın, qarın soyuğuna, günəşin istisinə vərdiş edib. Görünür, ona görə də bu tikintidə qalmağı qəbul etməyib. Elə gecəykən özü vurub uçurub divarları. Hamı razılaşdı.
   Elə o gündən Kəkəni inanc yeri bilib ziyarətə gələnlər yaxınlıqdakı ağacların kölgəsində əyləşməli oldular. Daşa dönmüş Kəkənin isə ətrafı eləcə uçurulmuş daşlarla dolu qaldı.
   İllər ötdü, bu qara daş inanc yeri, etiqad yeri oldu. Adamlar bu qara daşda nəsə ilahi bir sirr olduğuna inandılar. İnsanlar dara düşəndə bu tənha daşa üz tutdular. Əllərini göylərə açıb dilək dilədilər, niyyət etdilər. Tanrı da həmişə onların istəyinə əməl etdi. Elə o vaxtdan bu daş müqəddəs hesab olundu, yaxınlıqdakı kənd isə Pirkəkə adlandı. İllər, əsrlər keçib, Pirkəkə kəndinin adamları bu hekayəti nəsildən-nəslə ötürüblər. İndi də Pirkəkə sakinləri naxırçı oğlan haqqında əfsanəni hamıya danışırlar.
   
   Vaqif Alıyev,
   Kürdəmir rayonu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar