Gədəbəydə Siemenslər irsinin öyrənilməsi həm tarix, həm də turizm baxımından önəm kəsb edir
XIX əsrin ikinci yarısında Siemens qardaşlarının Gədəbəy rayonundakı fəaliyyəti son zamanlar KİV-də tez-tez rast gəlinən mövzulardandır. Həmin dövrdə tikilmiş müxtəlif təyinatlı binaları - məktəb, mədəniyyət sarayı, Misəritmə zavodunun inzibati binası, daş döşəməli yolları və s. Avropa memarlığının Azərbaycanda təzahürü kimi qiymətləndirmək olar. Siemens qardaşlarının Gədəbəydəki fəaliyyəti ilə bağlı müxtəlif mədəni layihələr həyata keçirilir. Mövzu ilə əlaqədar həmsöhbətimiz tədqiqatçı-jurnalist Etibar Nadiroğludur.
- Müəllifi olduğunuz kitablardan biri “Həyatımızda Siemens izləri” adlanır. Bu izlər nədən xəbər verir?
- Gədəbəy rayonu zəngin təbii iqlim şəraiti, əhəmiyyətli faydalı qazıntı yataqları, o cümlədən qara və ağ mərmər, mis, qızıl yataqları ilə çox zəngindir. XIX əsrin 60-cı illərindən XX əsrin ikinci onilliyinədək burada Siemens qardaşlarına məxsus olan mədən-zavod kompleksi fəaliyyət göstərib. Bu dövrdə Qafqazda, bəzi məlumatlara görə, çar Rusiyası ərazisində ilk elektrik stansiyası, Azərbaycanda ilk elektroliz laboratoriyası, ilk sənaye tipli dəmir yolu, Dəllər (Şəmkir)-Gədəbəy neft kəməri, Gəncə-Gədəbəy teleqraf xətti, Gədəbəy-Şəmkir şosse yolu istifadə olunub. Həmin dövrdə tikilmiş müxtəlif təyinatlı binaların özünəməxsus maraqlı memarlıq layihələri həyata keçirilib, sənaye, təhsil, turizm, mədəniyyət, səhiyyə sahələrində mühüm yeniliklər tətbiq olunub. Bunların hər biri haqqında ayrı-ayrılıqda geniş danışmaq olar.
- XIX əsrin əvvəllərində Gədəbəydə qış turizminin inkişafı barədə nə deyə bilərsiniz?
- Siemens qardaşları Gədəbəydə 1864-1914-cü illərdə fəaliyyət göstəriblər. Tədqiqatlar göstərir ki, o dövrdə Gədəbəydə qış və yay turizmini özündə ehtiva edən istirahət məkanları, qış idman növləri, yay gəzintiləri və s. olub. Qalakənd adlanan ərazidə xüsusi marşrut olub. Bu kənd haqqında alman mətbuatında “Qalakənd-Cənnət qala” mövzusunda silsilə yazılar verilib. Daha çox fəsillərin, xüsusilə də qışın cəlbedici məqamlarından bəhs olunur. Araşdırmalar göstərir ki, Gədəbəydə hələ o dövrdə hokkey, xizək, konki yarışları keçirilib, bunun üçün meydançalar yaradılıb. Hətta bəzən yarış qalibləri zavod rəhbərliyi tərəfindən mükafatlandırılıb. Bir məqamı da qeyd etmək istərdim ki, Siemenslərin dövründə Gədəbəydə kanat yolu mövcud olub, filizin mədəndən zavoda çatdırılmasında istifadə edilib.
- Ötən ay Gədəbəydə “Siemenslər Gədəbəydə” sərgi-muzeyi açıldı. Eksponatların toplanması işi davam etdirilir?
- Bu gün “Siemens qardaşları” şirkətinin Gədəbəydə fəaliyyətini təbliğ edən muzeyin yaradılmasına ehtiyac var. Bu istiqamətdə “Siemenslər Gədəbəydə” sərgi-muzeyi iştirakçıların böyük marağına səbəb oldu. Həmin muzeydə biz Siemenslərin şəxsi əşyalarını, zavodun iş alətlərini və digər maraqlı eksponatları təqdim etdik. Siemenslərlə bağlı maddi-sübutlara bu gün yerli əhalidə də rast gəlmək olur. Belə bir muzey turizm nöqteyi-nəzərindən də əhəmiyyətli ola bilər. Sərgi-muzey 7 bölmədən ibarət idi. “Siemens qardaşları” şirkətinin Gədəbəydə fəaliyyətini əks etdirən muzeyinin yaradılması üçün baza mövcuddur. Məxsusi bina olarsa, sərgi-muzey sırf muzey kimi də fəaliyyət göstərə bilər. “Siemens qardaşları” şirkətinin Gədəbəydə yerləşən ofisi təmir olunduqdan sonra muzey binası kimi də fəaliyyət göstərə bilər.
- Siemenslərin Gədəbəydə fəaliyyətinin izi olan çoxlu maraqlı memarlıq abidəsinə rast gəlmək mümkündür. Bu istiqamətdə araşdırmalar aparılırmı?
- Gədəbəy və Qalakənddə mis sənayesi ilə məşğul olmuş “Siemens” şirkətinə məxsus yüzlərlə tikili olmuşdur. Bu tikililərdən sənaye, həm də yaşayış üçün istifadə olunub. Həmin tikililər xüsusilə sovet hakimiyyətinin ilk dövrlərində dağıntılara məruz qalmışdı. Bununla belə bu tikililərin əksəriyyəti o dövrdən indiyədək həm inzibati, həm də yaşayış təyinatında istifadəyə yaramaqdadır. Gədəbəy rayonunda əksər dövlət idarələri XX əsrin 60-cı illərinədək məhz həmin binalarda yerləşirdi. Ümumiyyətlə, bu istiqamətdə geniş tədqiqat işlərinin aparılmasına ehtiyac var.
Ceyhun