Neftçala ölkəmizin qədim maddi mədəniyyətini yaşadan bölgələrdən biridir. Rayon ərazisindəki arxeoloji-tarixi abidələr antik və ilk orta əsrlərdən üzü bəri olan tarixi əks etdirir. Neftçala rayonu ərazisində indiyədək aparılmış kiçik miqyaslı arxeoloji kəşfiyyat və qazıntı işləri əsasən sualtı arxeologiyanın nailiyyətləri və yeni tikinti sahələrinin arxeoloji tədqiqi ilə bağlı olub. Azərbaycan tarixinin antik və ilk orta əsrlər dövrünün müxtəlif problemlərinin, ilkin şəhər mədəniyyəti məsələlərinin, tarixi-coğrafiya, paleocoğrafiya kimi məsələlərin öyrənilməsində bu abidələrin əhəmiyyəti böyükdür. Rayon ərazisində aşkar edilmiş bəzi arxeoloji abidələr öz unikallığına görə seçilir və onların tədqiq edilməsi mühüm önəm kəsb edir. Bu günlərdə Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü ilə keçirilən və Şirvan Milli Parkının ərazisində yerləşən Dirovdağ yaşayış yerində arxeoloji materialların toplanması və tədqiqat işlərinin nəticələrinə həsr olunmuş elmi-praktiki konfrans da bu zərurətdən irəli gəlmişdi.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı ilə keçirilən konfransı tarix-diyarşünaslıq muzeyinin direktoru Rövşən Həsənov açaraq Dirovdağ ərazisində aşkarlanan muzey əhəmiyyətli artefaktlar barədə danışıb, burada çalışan arxeoloq-mütəxəssislərin fədakar əməyini qeyd edib.
Şirvan Milli Parkının direktoru Seymur Kərimov qoruq ərazisindəki abidələrin vəziyyəti barədə məlumat verib.
Sonra mövzu ətrafında çıxışlar olub. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov 2003-2010-cu illərin arxeoloji çöl tədqiqat materialları və kəşfiyyat işləri nəticəsində toplanan məlumatlar əsasında “Neftçala rayonunun antik və orta əsr arxeoloji abidələri” mövzusunda çıxış edib. Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə “Dirovdağ ərazisindəki XV-XVII əsrlərə aid yaşayış yerləri” adlı məruzə edib. Qeyd olunub ki, ərazidə genişmiqyaslı arxeoloji qazıntılar aparılarsa, tariximizin böyük bir dövrünə işıq salınmış olar.
Daha sonra muzeyin fəaliyyəti ilə bağlı və həyata keçirdiyi işlərlə əlaqədar hazırlanmış slayd-prezentasiya nümayiş etdirilib.