Qədim abidələrimiz
Naxçıvan memarlıq məktəbindən söz açarkən ilk növbədə öz dövrlərinin görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılan türbələr yada düşür. Lakin yerli memarlar möhtəşəm sənət əsərləri ilə yanaşı, əhalinin praktik istifadəsi üçün nəzərdə tutulan, eyni zamanda, özünəməxsus memarlıq nümunələri olan tikililər də inşa ediblər. Muxtar Respublikanın ərazisində tikilən buzxanalar belə nümunələrdəndir.
Qədim buzxanaların ən böyüyü Naxçıvandadır
Azərbaycanın müxtəlif bölgələrində buzxanalar qədim memarlıq abidələri kimi bu gün də qorunub saxlanılır. Müxtəlif əsrlərdə inşa olunan buzxanalara Tərtərdə, Yardımlıda və s. rast gəlmək olar. Naxçıvan Muxtar Respublikası ərazisində 12 belə tikili var. Turistlərin ən çox maraq göstərdiyi buzxanalar Naxçıvan şəhərində və Ordubad rayonunda tikilmiş buzxanalardır. Naxçıvan şəhərindəki buzxana bu qəbildən olan ən böyük tikilidir. Orta əsrlər Naxçıvan memarlıq məktəbinin çiçəkləndiyi dövrə (XII-XIV əsrlər) aid edilən tikilinin uzunluğu 20, eni 8, hündürlüyü 9 metrdir. Dam örtüyünün üzərində isə altı kiçik günbəz ucaldılıb. Təxminən hər 3 metrdən bir qurulan çatmavarı tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin kərpic hörgülərindən göründüyü kimi, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və kiçik tağbəndlərlə tamamlanır.
Qeyd edək ki, bu cür oxşar konstruksiyadan Ordubad şəhərindəki buzxanada da istifadə olunub. Hətta o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidləri də bunun oxşarıdır. Bu da Naxçıvan memarlıq məktəbinin nə qədər geniş yayıldığını göstərir. Sözügedən buzxana kompleksi də həmin dövrdə regionda ticarət məqsədi ilə inşa olunan obyektlərdən biri olub.
Azərbaycan memarlığında Naxçıvan məktəbi abidələrinin yorulmaz tədqiqatçılarından olan akademik Ə.Salamzadə və sənətşünaslıq doktoru K. Məmmədzadənin qənaətləri bundan ibarət olub ki, Naxçıvan şəhərindəki buzxana obyekti də XIV əsrin əvvəllərində inşa olunub. Amma onun XVII əsrdə Şah Abbasın hakimiyyəti dövründə inşa olunduğunu deyənlər də var.
Yayın istisində necə sərinlənmək olar?
Tarixən buzxanalardan müxtəlif məqsədlərlə istifadə olunub. Məsələn, Mirzə Cəlilin uşaqlıq və yeniyetməlik dövrünün təəssüratları altında qələmə aldığı "Buz" hekayəsindən məlum olur ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Naxçıvan şəhərinin bazarlarında, küçə və meydanlarında buz satışı geniş yayılıb. "Hər bir yay fəsli küçələrdə arabalarda, buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir", - deyə müəllif yazır. Müəllif qeyd edir ki, ağ və təmiz buz kərpiclərindən təbabətdə də geniş istifadə olunurmuş.
Tədqiqatçıların sözlərinə görə, tarixən buzxanalar çay kənarlarında inşa olunub. Qışın sərt şaxtalarında çayın suyu həmin obyektin qarşısındakı xüsusi meydançada dondurulduqdan sonra iri parçalar şəklində doğranıb binanın yerin səthindən dörd-beş metr aşağıda olan buzxana hissəsinə yığılardı. Havalanma sisteminin düzgün qurulması isti yay günlərində buz ehtiyatından səmərəli istifadə etməyə imkan verərdi. Ondan daha çox ticarətdə, ərzaq məhsullarının saxlanılmasında və digər məqsədlər üçün istifadə olunardı.
Qeyd edək ki, Naxçıvanın maraqlı memarlıq nümunələrindən hesab olunan buzxanalara bu gün də bölgəyə gələn turistlər maraq göstərirlər. Son illərdə bu memarlıq abidələrində aparılan bərpa və təmir işləri onları uçub-dağılmaq təhlükəsindən xilas etməklə yanaşı, bu məkanlardan turizm obyekti kimi istifadəyə də imkan yaradır.
Ceyhun