Bu gün bütün dünyada turizm sahəsi inkişaf etməkdədir. Əhatə dairəsini genişləndirən turizm növləri içərisində mədəni turizm, o cümlədən tarixi turizm geniş yayılıb. Ölkəmizin müxtəlif bölgələrinə səyahət edən turistlər də ilk növbədə bölgənin tarixi abidələri ilə tanış olurlar.
   
   Bu işlərin təşkilində ekskursiya xidmətləri böyük rol oynayır. Yeni iqtisadi münasibətlər şəraitində ekskursiya rəhbərlərinin üzərinə daha artıq vəzifələr düşməkdədir. Ekskursiya bələdçi kurslarının təşkili də bu zərurətdən irəli gəlir. Zaqatalada təşkil olunan bələdçi kursları da bölgədə turizmin inkişafı, rayonun turizm potensialının təbliği baxımından əlamətdar hadisədir.
   Kurslarda dərslər təkcə turizm sahəsi ilə məhdudlaşmır. Turizm sahəsi ilə bağlı digər fənlər də tədris olunur. Azərbaycan tarixi, etnoqrafiya, ingilis dili, İKT-dən istifadə kimi dərsləri birləşdirən proqramı müasir təhsil sistemi ilə uzlaşır.
   Müdavimlərin Zaqatala rayon qala-qoruğuna ekskursiyanın təşkili və şəhər ilə ümumi tanışlığı tədris prosesinin tərkib hissələrindən biri olub, ekskursiyanın təşkilolunma metodikasını mənimsəməyə kömək edir.
   Zaqatala qala-qoruğuna gedən yol şəhərin mərkəzi “Dədə Qorqud” meydanından keçir. Yolüstü meydan ərazisində 700 yaşlı ağacın dövrəsindəki oturacaqlarda dincələrək, estetik zövqün aşılanması təbiətə olan marağı artırır. Neçə-neçə əsrlərin sınağından çıxmış bu ağac bir çox tarixi hadisələrin şahidi olmuşdur. Meydanın tarixi mühitini ərazidəki qədim alban kilsəsi tamamlayır.
   Zaqatala qalasının ərazisində yerləşən tikililərlə əyani tanışlıq tikili ilə bağlı ilkin təəssürat formalaşdıraraq, tədrisin mənimsənilməsini asanlaşdırır. Qoruqda olan bürclər, lazaret, zabit evi, vaxtilə baş vermiş Zaqatala üsyanlarında qalanın rolu barədə məlumat verilir. Bu gün qoruq kimi fəaliyyət göstərən qalanın rayonumuza gələn turistlərin diqqətini cəlb edən məkan olduğu dinləyicilərə çatdırılır.
   Qaladan çıxıb, geri qayıdarkən yolumuz böyük Ukrayna şairi Taras Şevçenkonun barelyefinin yanından keçir. Dinləyicilərə şairin həyatı haqqında söhbət açılır, Azərbaycan dilinə tərcümə olunmuş əsərləri barədə məlumat verilir.
   Ekskursiya başa çatdıqdan sonra ekskursiyanın praktik qavranılması yoxlanılır. İKT-dən istifadə etməklə dinləyicilər internet saytlarında Zaqatala ilə bağlı məlumatlar əldə etdikdən sonra, ekskursiya vaxtı aldığı biliklərlə tutuşdurulur. Zaqatala qalası və eləcə də rayon ilə əlaqədar fotoarxiv sənədləri nəzərdən keçirilir, kinofilmlər nümayiş etdirilir. Aldığı biliklərə əsaslanaraq kurs dinləyiciləri sonda referat yazırlar.
   Ekskursiyalar gənc nəslin tərbiyə və yetişdirilməsində böyük əhəmiyyətə malikdir. Hər bir ekskursiya özlüyündə təbiət, cəmiyyət, tarix haqqında məlumatları yeniləyir, dinləyicilərin bilik dairəsinin artırılmasına səbəb olur. Ekskursiya təşkilatçısı işini mükəmməl bilməli, təhlil etmək bacarığı, güclü təfəkkür qabiliyyətinə, qrupla işləmək səriştəsinə, pedaqoji bilik və təcrübəyə malik olmalıdır.
   Ekskursiya təşkilatçısı iştirakçılar arasında ümumi atmosferi ələ almağı bacarmalıdır. İştirakçıların göstərilən obyektin(abidə, qoruq, tikili) dərk edilməsində əsas yeri müşahidə nəticəsində təəssüratın formalaşmasından başlayır. Bu vaxtı ekskursiya təşkilatçısı tərəfindən söylənilən mühazirə tanınma işini sürətləndirir. Mövzunun seçilməsi ekskursiya təşkilatçısının əsas vəzifələrindən biridir. Mövzunun məzmunu lakonik olmaqla bərabər, göstərilən faktları tam əhatə etməlidir. Ekskursiyaya müəllim-şagird tərəfdaşlığı kimi yanaşsaq, belə qənaətə gəlmək olar ki, ekskursiya təşkilatçısı dərs dediyi sinfin psixologiyasını duymalıdır.
   Yuxarıda göstərilənlər ekskursiyanın yalnız nəzəri tələblərinə cavab verib, keçirilən ekskursiyanın metodiki proqramını əks etdirir. Digər tərəfdən, ekskursiya təşkilatçısı xüsusilə əcnəbi turistlər qarşısında ölkəmizin bir növ təmsilçisi kimi çıxış edir.
   Ölkəmiz zəngin tarixə və əsrarəngiz təbii gözəlliyə malikdir. Yurdumuzun hər bir qarışını gəzmək, onun tarix və mədəniyyətini öyrənmək olduqca vacibdir. Bu baxımdan ekskursiya təşkilatçısının üzərinə daha çox məsuliyyət düşür. Onun işi bilavasitə öyrənməklə, araşdırma aparmaqla daha çox bağlıdır. O, yalnız quru kitab səhifələri ilə kifayətlənməməlidir. Belə ki, ekskursiya təşkilatçısı muzey, qoruq, arxivlə sıx əməkdaşlıq etməlidir. Bununla o öz bilik dairəsini genişləndirərək, tariximiz haqqında yeni qaynaqların əldə olunmasında vasitəçi ola bilər.
   Unutmayaq ki, tariximizin öyrənilməsi və təbliği sahəsində atılan hər bir addım nəticə etibarilə dünyada tanınmağımıza xidmət edir.
   
   Rasim Ələsgərov,
   “Turizm və ekskursiyanın təşkili” kursunun müəllimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar