1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Qarabağ münaqişəsində ovaxtkı SSRİ rəhbərliyinin ermənilərə havadarlıq etməsi xalqımız tərəfindən qəzəblə qarşılanmışdı. Moskvadakı mərkəzi hökumət Azərbaycanın haqq səsinə məhəl qoymurdu, küçə və meydanlara çıxan minlərlə insan bu haqsızlığa etiraz səsini ucaldırdı.
SSRİ-nin keçmiş rəhbərliyi Azərbaycanın azadlıq hərəkatını boğmaq məqsədilə əliyalın əhaliyə hərbi təcavüz edərək, faciəli 20 Yanvar hadisəsini törətdi. Amma bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Çoxlu sayda insan şəhid olsa da, xalqımız qürurla mübarizəsini davam etdirdi, öz suverenliyinin mübarizəsinə qalxdı. Ölkəmizin azadlığı və ərazi bütövlüyü yolunda müharibədə Zaqatala rayon gəncləri də iştirak etmişlər, 200-dən artıq gənc Vətən uğrunda şəhid olmuşdur. Xeyli sayda gənc əlil qalmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 2 nəfərə - Əmirov Faiq İsfəndiyar oğluna və Məmmədov Namiq Bəşir oğluna igidliyinə görə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Çobankol kəndindən 35 nəfər torpaqlarımız uğrunda savaşda könüllü iştirak etmiş, onlardan 9 nəfəri şəhid olmuş, 2 nəfəri itkin düşmüş, 13 nəfəri yaralanmışdır. Dövlətimiz Vətən uğrunda canını fəda edənləri unutmur. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid ailələrinə, əlillərə mənzillər verilmiş, müavinət təyin edilmişdir. Regionların inkişafı üzrə Dövlət Proqramını müvəffəqiyyətlə həyata keçirən Zaqatala rayon rəhbərliyi şəhidlər abidəsinin yeni yaradılmış şəhər infrastrukturuna uyğun olaraq yenidən qurulmasına nəzarət etmiş, müasir memarlıq kompleksi yaradılmışdır. Şəhidlərin adlarını əbədiləşdirmək məqsədilə məktəblərə və mədəniyyət evlərinə onların adları verilmişdir.
Çobankol kənd mədəniyyət evində keçirdiyimiz “Vətənin keşiyində”, “Oğlanlar əsgər gedir”, “Biz sizinlə fəxr edirik”, “Biz sizdən öyrəndik qəhrəmanlığı” kimi tədbirləri onların qəhrəmanlığına həsr edərək, gənclərimiz və məktəblilərimiz üçün nümunə göstəririk. Eyni zamanda mədəniyyət evində yeni yaradılmış həvəskar rəssamlıq klubu üzvlərinin rəsm əsərlərindən ibarət sərgi yaratmışıq.
Şuay Xəlilov,
Zaqatala rayon Çobankol kənd
mədəniyyət evinin bədii rəhbəri