Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, 2012-ci il üçün Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovadan aldığımız məlumata görə, bu məqsədlə tədbirlər planı təsdiq edilib.
   
   Tədbirlər planına əsasən, iyun ayında rayonda beynəlxalq folklor festivalı keçiriləcək. Festivalda Bolqarıstan, Kanada, Peru, Kuba, İtaliya, İran, Türkiyə, Özbəkistan, Gürcüstan və Ukraynadan folklor kollektivlərinin iştirakı nəzərdə tutulur. Şöbə müdiri bildirdi ki, artıq sözügedən ölkələrə dəvətlər göndərilib. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə lazım olan köməyi göstərir: “Bir həftə davam edəcək festivalın əsasnaməsi də hazırlanıb. İştirakçı kollektivlər üçün üzərində şəhərin emblemi və “Azərbaycanın Folklor Paytaxtı Masallı” yazılan köynəklər sifariş edilib. Gələn qonaqlar ola bilsin ki, özləri üçün xatirə əşyaları, suvenir almaq istəsinlər, biz bunun üçün satış yarmarkası təşkil edəcəyik. Suvenirləri artıq sifariş etmişik. Bundan əlavə, festival çərçivəsində əyləncə proqramları, el sənətkarlarının əl işlərindən ibarət sərgilər də açılacaq. Çalışacağıq ki, Masallı əcnəbi qonaqların xatirəsində unudulmayan folklor məkanı kimi qalsın”.
   Masallı şəhərinin “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi ilə əlaqədar olaraq bölgədə daha bir festival TÜRKSOY-la birgə həyata keçiriləcək. Festivalda Orta Asiya xalqlarının folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
   2012-ci ildə keçiriləcək daha bir festival isə Azərbaycanın bölgələrini əhatə edəcək. Belə ki, müxtəlif bölgələrdə fəaliyyət göstərən folklor kollektivləri Masallıya toplaşacaq. “Xalq sənəti - el təranələri” adı altında xalq yaradıcılığı festivalında isə sənətkarların əl işlərindən ibarət sərgi açılacaq, müxtəlif tədbirlər təşkil olunacaq.
   Qeyd edək ki, tədbirlər planında həmçinin rayonda təntənəli mərasimlərin, incəsənət, elm, təhsil, və daşınmaz abidələrlə bağlı tədbirlərin, xalq musiqisi və rəqsləri ilə əlaqədar müsabiqələrin, müxtəlif sərgi və folklor axşamlarının, “dəyirmi masa” və konfransların, teatr həftəsinin və s. tədbirlərin keçirilməsi, “Halay” folklor ansamblının fəaliyyətinə həsr olunmuş sənədli filmin hazırlanması da nəzərdə tutulur.
   
   Ceyhun