Şəhər və rayon mədəniyyət və turizm şöbələrinin ötənilki fəaliyyətinə həsr olunmuş növbəti zona müşavirəsi martın 14-də Bərdədə keçirildi.
   
   Şəhər Mədəniyyət evində keçirilən müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, sektorun aparıcı məsləhətçisi Oqtay Muxtarov, Mingəçevir, Yevlax şəhərlərinin, Bərdə, Ağdam, Ağdaş, Tərtər, Zərdab, Kürdəmir, Hacıqabul, Beyləqan, İmişli, Ağcabədi, Ucar, Xocavənd, Füzuli, Laçın rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri, mərkəzləşdirilmiş kitabxana sistemlərinin, tarix-diyarşünaslıq muzeylərinin, rəsm qalereyalarının direktorları iştirak edirdilər.
   
   * * *
   Əvvəlcə qonaqlar Bərdə şəhərində yerləşən mədəniyyət müəssisələri ilə - Heydər Əliyev Mərkəzi, rəsm qalereyası, tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti ilə tanış oldular, mədəniyyət və istirahət parkına, Bərdə türbəsinə baş çəkdilər.
   Heydər Əliyev Mərkəzində ümummilli liderin zəngin irsi təbliğ edilir, müxtəlif materiallar, sənədlər vasitəsilə ziyarətçilərə böyük öndərin ictimai-siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilir.
   Bərdə Rəsm Qalereyası 1988-ci ildə yaradılıb. Hazırda burada 30 əsər nümayiş olunur. Qalereyada xalçaçılıq dərnəyi də fəaliyyət göstərir.
   Bərdə Uşaq İncəsənət Məktəbi 2009-cu ildə istifadəyə verilib. Məktəbdə 12 ixtisas (rəqs, müxtəlif alətlərdə ifaçılıq, rəssamlıq) üzrə tədris aparılır. Mədəniyyət müəssisələrinin fəaliyyəti ilə ətraflı tanış olan Vaqif Əliyev müvafiq tövsiyə və tapşırıqlarını verdi.
   Sonra iştirakçılar şəhər mədəniyyət evinin foyesində təşkil olunmuş sərgidə Bərdə rayonu ərazisində tapılan qədim sənət nümunələri, eləcə də Bərdə sənətkarlarının əl işləri ilə tanış oldular.
   
   * * *
   Müşavirəni mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq, son illər ölkəmizdə mədəniyyət və turizm sahəsində görülən işlərdən danışdı. Dövlət proqramlarının, fərman, sərəncam və digər sənədlərin uğurla icra olunduğunu vurğuladı: “Mədəniyyət və turizmlə bağlı qəbul olunmuş sənədlər bu sahədə işlərin davamlı, ardıcıl və sistemli şəkildə aparılmasına imkan verir. Müşavirənin keçirilməsində məqsədimiz 2011-ci ildə görülmüş işlərə nəzər salmaq, qarşıda duran vəzifələri müzakirə etməkdir. Məlum olduğu kimi, ölkə Prezidentinin imzaladığı sərəncama əsasən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanacaq. Konsepsiyanın hazırlanması üçün bütün dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Hər bir təşkilat, nazirlik öz təkliflərini hazırlayır. Bununla bağlı biz də çalışırıq ki, regionlarda belə müşavirələri keçirək və səslənən fikirlər, həll olunması vacib məsələlər konsepsiya ilə bağlı təqdim edəcəyimiz təkliflərdə öz əksini tapsın. Düşünürəm ki, bölgələrdə təşkil olunan müşavirələr bu baxımdan da səmərəli olacaq”.
   Vaqif Əliyev 2011-ci ilin mədəniyyət və turizm sahəsi üçün əlamətdar hadisələrlə yadda qaldığını bildirdi: “Ötən il ərzində böyük işlər görülüb, həm mədəniyyət, həm də turizm sahəsində önəmli addımlar atılıb. 2011-ci ildə biz dövlət müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdik. Bu 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin, onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə mədəniyyətimizin inkişafı üçün böyük işlər görülüb. Hər il respublikamızda neçə-neçə irimiqyaslı mədəniyyət layihələri həyata keçirilir. Mədəniyyət müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Yeni mədəniyyət ocaqları inşa olunur, bəzilərində əsaslı yenidənqurma işləri aparılır. Kino, musiqi, incəsənət, teatr, kitabxana, mədəni irs, nəşriyyat işi, muzey işi, turizmlə bağlı önəmli işlər görülür.
   Azərbaycan davamlı olaraq beynəlxalq festivallara ev sahibliyi edir. Təkcə ötən il Azərbaycanda 8 beynəlxalq festival keçirilib. Bu tədbirlərdə dünyanın tanınmış mədəniyyət xadimləri, musiqiçilər, teatrşünaslar iştirak ediblər. Bütün bunların nəticəsidir ki, respublikamız bu gün dünyada mədəniyyət ölkəsi kimi tanınır. Azərbaycanda müxtəlif ölkələrin mədəniyyət günləri keçirilir, dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan mədəniyyəti günləri təşkil olunur, milli mədəniyyətimiz, zəngin irsimiz təbliğ edilir”.
   Vaqif Əliyev mədəniyyətin müxtəlif sahələrinin inkişafına dövlət qayğısı ilə yanaşı, ölkədə turizmin inkişafına da böyük önəm verildiyini nəzərə çatdırdı: “Turizmlə bağlı dövlət proqramı uğurla həyata keçirilir. 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması çərçivəsində 60-a yaxın mehmanxana, hotel, istirahət mərkəzi istifadəyə verildi. Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində kadr işinin təkmilləşdirilməsi işinə də xüsusi diqqət yetirir”.
   
   * * *
   Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli şəhər və rayonların mədəniyyət və turizm şöbələrinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etdi. Qeyd olundu ki, ötən il Mingəçevirdə Azərbaycan Turizm İnstitutunun Turizm Peşə Məktəbi fəaliyyətə başlayıb, burada təşkil edilən kurslara şəhərdə fəaliyyət göstərən mehmanxana əməkdaşları cəlb olunub. Füzuli rayonunun Babı kəndi ərazisində Şeyx Babı Yaqub xanəgahında aparılan arxeoloji qazıntılar zamanı nadir nümunələr aşkar edilib. Zonaya daxil olan rayonlar ötən il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə iştirak edib.
   Lakin hələ də bölgələrdə kadrların seçilib yerləşdirilməsi ilə bağlı problemlər qalır. Yerlərdə təşəbbüskar gənc kadrlardan lazımınca istifadə olunmur. Bəzən kitabxana oxucularının sayı şişirdilmiş rəqəmlərlə göstərilir. Şöbələr fəaliyyətlərində yeni forma və metodlarla keçirilməsinə lazımi diqqət yetirmirlər”.
   
   * * *
   Sonra Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Soltan Həsənov, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov, Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımov, Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev 2011-ci ildə görülən işlər və qarşıda duran vəzifələrdən danışdılar, mövcud problemlərlə bağlı təkliflərini bildirdilər.
   Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışdı. Qeyd olundu ki, Azərbaycanın bütün bölgələri kimi Bərdə də inkişaf edir. Son dövrlərdə rayonda mədəniyyət və istirahət parkları yaradılıb, mədəniyyət müəssisələri yenidən qurulub. O, bölgənin mədəniyyət və turizm həyatında bir sıra yeniliklərin olacağını bildirdi.
   
   * * *
   Zona müşavirəsinə yekun vuran mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev qeyd etdi ki, mədəniyyət müəssisələri dövlət proqramlarının icrasına diqqət və məsuliyyətlə yanaşmalıdırlar. Mədəni-kütləvi tədbirlərin təşkilinin keyfiyyəti artırılmalıdır. Mədəniyyət və turizm sahəsində yüzlərlə insan çalışır. Onların üzərinə çox böyük vəzifələr düşür. Mədəniyyət işçiləri özləri də təşəbbüskar olmalıdırlar. Mədəniyyət və turizm şöbələrinin internet saytlarının, kitabxanalarda elektron kataloqların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Vaqif Əliyev müşavirə iştirakçılarına qarşıda duran vəzifələrin həllində müvəffəqiyyətlər arzuladı.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar