Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 May - Beynəlxalq Muzeylər Günü ilə bağlı “Açıq qapı” günü elan olunub. Muzeyə gələnlər üçün ekskursiyalar, müxtəlif sərgilər təşkil edilib. Aksiyada ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Musiqi kollektivlərinin ifasında səslənən gözəl musiqi və xalq mahnılarından ibarət çıxışlar aksiya iştirakçılarında xoş təəssürat yaradıb.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyində də əlamətdar günə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru M.Hüseynova açaraq qeyd edib ki, muzeylər hər bir xalqın tarixini yaşadan, gələcək nəsillərə çatdıran xəzinədir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının üzvü şair Bilal Qoca, gənc şairlər və 2 saylı musiqi məktəbinin gənc aşıqları çıxış ediblər. Sonda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.