Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı “Milli dəyərlərimiz-milli sərvətimiz” adlı folklor və muğam müsabiqəsi keçirir. Folklor və muğam ənənələrinin qorunub saxlanması, ifaçıların və kollektivlərin yaradıcılıq səviyyəsinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilən yarışmaya iyunun 30-da yekun vurulacaq. 30 yaşadək ifaçıların yarışdığı müsabiqənin muğam bölməsində muğam və təsniflər, xalq mahnıları ifaçıları öz məharətlərini göstərirlər. Folklor bölməsinə gəlincə isə burada hər hansı qədim musiqi alətində ifa və ya bu alətlərin müşayiəti ilə oxuma, eləcə də folklor nümunələrinə aid kollektiv ifa, rəqs bacarığı olanlar mübarizə aparır. Müsabiqədə ifaçıların düzgün ifaları, aydın tələffüzü və səhnə mədəniyyəti əsas meyar kimi nəzərə alınır.
Ceyhun