Azərbaycanın çağdaş tarixində elə şərəfli günlər var ki, bütövlükdə xalqın milli ideyalar uğrunda mübarizəsini, bu yolda hər cür məhrumiyyətlərə sinə gərmək əzmini təcəssüm etdirir.
23-cü ildönümü tamam olan 20 Yanvar faciəsi də milli qəhrəmanlıq salnaməmizdə belə parlaq səhifələrdəndir.
Hər il olduğu kimi, bu il də Oğuz rayonunun mədəniyyət müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq silsilə tədbirlər təşkil olunur.
Yanvarın 15-də Heydər Əliyev Mərkəzində “Şəhidlər ölməz, vətən bölünməz” adlı açıq dərs keçirilib. Oğuz şəhər 2 saylı orta məktəbin şagirdləri faciəni əks etdirən kompozisiya ilə çıxış ediblər.
Həmin gün Mərkəzi kitabxanada “Hünər nəğməsidir şəhid məzarı” mövzulu konfrans gerçəkləşib. Tədbir iştirakçılarına Uşaq Yaradıcılıq Birliyi kollektivinin hazırladığı “Şəhid qərənfil” mövzulu kompozisiya təqdim olunub.
* * *
Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar kitabxanalarda, muzeylərdə, kənd və qəsəbə mədəniyyət evlərində silsilə tədbirlər keçirilir.
Mərkəzi kitabxanada faciəni əks etdirən kitablardan ibarət sərgi açılıb, kitabxanaçıların və məktəblilərin birgə hazırladıqları “Bu torpaq altında şəhidlər yatır” adlı kompozisiya nümayiş etdirilib.
Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin qurbanlarına və Azərbaycanın azadlığı uğrunda şəhid olanlara həsr edilmiş “Tariximizi unutmayaq!” və “Qan yaddaşımız” adlı film və fotoslaydlar təqdim olunub.