20 Yanvar faciəsinin 23-cü ildönümü Qəbələ rayonunda müxtəlif tədbirlərlə qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin təsdiq etdiyi tədbirlər planına əsasən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində qanlı faciəyə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədov açaraq 20 Yanvarın Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində tarixi yerindən bəhs edib. Muzeyin ekspozisiya və kütləvi iş şöbəsinin müdiri Həqiqət Abbasovanın “20 Yanvar” adlı məruzəsi dinlənilib.
Tədbirdə çıxış edənlər bu faciənin Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunduğunu və şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını vurğulayıblar.
Gülər Xəlilova,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı