Dünya əfsanələrlə, gözəlliklərlə, eyni zamanda, qəribəliklərlə doludur. Qarşımızda saysız-hesabsız hadisələri, möcüzələri seyr edirik. Vaxt, zaman ötdükcə dünyaya baxışımız dəyişir. Amma doğma torpağa, ana vətənə sevgimiz heç vaxt dəyişmir.
   
   Ulu Tanrı Azərbaycana bütün gözəllikləri bəxş etmişdir. Hər bölgəmizin özünəməxsus gözəlliyi, zəngin tarixi var.
   Qədim tarixə malik, füsunkar təbiətə sahib olan Qəbələ həmişə Azərbaycanın bol-bərəkətli, təbii gözəllikləri ilə dolu bölgəsi, tanınmış dühalar diyarı kimi tanınıb. İsmayıl bəy Qutqaşınlı ədəbi sahədə qələminin böyüklüyünü, dərin zəka sahibi olduğunu göstərdi. İlk göz həkimi Ümnisə Musabəyova Qəbələni Azərbaycana, Azərbaycanı dünyaya tanıtdı. Azərbaycanın kino tarixində İbrahim bəy Musabəyov öz əsəri ilə dərin iz qoydu. Bu adları göstərməklə onu qeyd etmək istəyirəm ki, Qəbələ ziyalılarının Azərbaycan tarixində həqiqətən də böyük rolu var. Elm adamları xalqımızın düşünən beyni, dərin zəkası, fəxrimiz, iftixarımızdır.
   Belə ziyalılardan biri də Absəddin Məmmədovdur. Absəddin Ağabala oğlu Məmmədov 1919-cu ilin aprelində Qəbələ mahalının Həmzəlli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil almışdır. 1935-ci ildə doğma kəndinə qayıtmışdır. Onun bir amalı, bir fikri vardı: yetişməkdə olan gənc nəslə elmin əsaslarını öyrətmək, onları əsl ziyalı kimi sabaha hazırlamaq. Kənddə hörmətli müəllimlərdən biri olan Absəddin Məmmədov 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir.
   Gənc nəslə elmin əsaslarını müvəffəqiyyətlə öyrədən Absəddin Məmmədovun böyük arzu və istəkləri olmuşdur. Lakin dəhşətli müharibə bu arzuları yarımçıq qoydu. 1941-ci il avqust ayında cəbhəyə gedən Absəddin müəllim şərəfli bir döyüş yolu keçmişdir. Kapitan rütbəsinə kimi yüksəlmiş, Berlinin fəth edilməsi uğrunda döyüşlərdə fədakarlıq göstərmişdir. 1946-cı ildə hərbi xidmətdən qayıdan Absəddin müəllim təhsilini tamamlamaq üçün yenidən APİ-yə qayıdır, fərqlənmə diplomunu alaraq həmin institutda işə başlayır. 1954-cü ildən fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 1956-cı ildə isə dosent adını alır. 1981-ci ildə Azərbaycan SSR “Əməkdar ali məktəb işçisi” fəxri adına layiq görülür.
   Elmi sahədə yaradıcı, yorulmaz zəka sahibi olan Absəddin müəllimin bir neçə şəxsi sənədi Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində qorunub saxlanılır. Muzeyin direktoru Xalis Məmmədov 1980-ci ildə onunla şəxsən görüşüb söhbətləşmiş, bu sənədlər də həmin vaxtdan yadigar və elmi inventar olaraq muzeyimizdə özünə yer almışdır.
   Absəddin müəllim gözəl ailə başçısı, qayğıkeş ata kimi bu gün də qəlblərdə yaşayır. Beş qız övladı böyüdən Absəddin müəllim xoşbəxt ailələrdən birinə sahib olmuşdur. Bu günlərdə alimin qızı Sevda xanım ailəsi ilə birlikdə muzeyimizdə olmuşdur. Absəddin müəllimin sənədlərinə nəzər yetirən Sevda xanım atası haqqında xatirələri söylədi, göz yaşlarını gizlədə bilmədi. Sevda xanımın kədərli göz yaşları arxasında bir fəxr-fəxarət hissi də vardır. Çünki Absəddin müəllim elm aləmində özünü təsdiqləmiş şəxsiyyət idi. 1983-cü il yanvarın 1-də dünyasını dəyişən pedaqoq-alim qəlblərdə yaşayır.
   
   İlhamə Seyidova,
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar