Şamaxıda keçirilən dəyirmi masada gənclər bir sıra təşəbbüslərlə çıxış etdilər

Noyabrın 23-də Şamaxıdakı Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət və Turizm Şöbəsinin, “Azad Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə bölgələrdə yaşayan gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı dəyirmi masa keçirildi. Bu mövzuda analoji tədbirlər daha öncə İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarında gerçəkləşmişdi. Şamaxıdakı dəyirmi masa layihənin yekun tədbiri olduğundan həm təşkilatçılar, həm də yerli mədəniyyət və turizm ocaqları tədbirə xüsusi hazırlaşmışdılar.

80-dək gənc fəal tədbirə layihənin məqsəd və məramlarına xidmət edən təşəbbüs və təkliflərlə qatılmışdı. Bu isə bölgələrdə yaşayan gənclərin ölkəmizdə gedən proseslərə laqeyd olmadığını, yaşadıqları rayonda turizmin inkişafına töhfə verməyə hazır olduqlarını göstərirdi. Elə layihənin həyata keçirilməsində məqsəd də Azərbaycanın əsas turizm bölgələrində yaşayan aktiv gəncləri yerli mədəniyyət abidələrinin qorunması, təbliği işinə cəlb etmək, onların bu istiqamətdə təşəbbüs və təkliflərini dəstəkləməkdir. Maraqlı diskussiya şəraitində keçən görüş qarşıya qoyulan məqsədə nail olunduğunu göstərirdi.
Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Rafael Tağızadə öncə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətdən danışdı. Qeyd etdi ki, bu gün Azərbaycanın əsas turizm bölgələrindən sayılan Şamaxı, İsmayıllı, Qəbələ və digər ətraf rayonlar məhz bu məqsədyönlü siyasətin nəticəsində yeni infrastruktura qovuşub, öz simasını dəyişib. Bu istiqamətdə dövlət tərəfindən, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə gerçəkləşən layihələrin bölgələrdə yaşayan əhali tərəfindən müsbət qarşılandığını deyən R.Tağızadə gənclərin təşəbbüslərinin bu layihələrdə önə çəkilməsini müsbət hal kimi dəyərləndirdi: “Bu gün doğma yurdumuz Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində uğurla inkişaf edir. Bu inkişaf özünü bölgələrdə də göstərməkdədir. Artıq bizim region ölkəmizin aparıcı turizm bölgəsinə çevrilib, hər il artan turist sayı da bu istiqamətdə nəzərə çarpan uğurların olduğunu göstərir. Çox istərdik ki, bölgələrimizdə yaşayan gənclər də bu inkişafın bir parçasına çevrilsinlər, ölkəmizdə, ən əsası da yaşadıqları bölgədə həyata keçirilən layihələrdə, müsbət təşəbbüslərdə yer alsınlar. Bu qədər aktiv şamaxılı gəncin bu tədbirə qatılması da onların eyni niyyətdə olduğunu göstərir”.
Qeyd olundu ki, Şamaxıda 1 dünya, 24 ölkə, 47 yerli əhəmiyyətli abidə var, daha 12 abidə yeni aşkar olunub, onların tədqiqi istiqamətində işlər görülür: “Üç il əvvəl şəhərdəki 1 saylı orta məktəbin həyətində yeni korpusun inşası zamanı Şirvanşahlar sarayının qalıqları aşkarlandı. Onu da bilirsiniz ki, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhəri olub. Bizim gəncliyimiz öz yaşadıqları şəhərin keçmişi ilə maraqlandıqda nə qədər qədim bir diyarda yaşadıqlarının şahidi olacaqlar, Şirvanşahların hökmranlıq etdiyi bir şəhərdə qürur və iftixar hissi ilə yaşayıb-yaradacaqlar”.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova bu cür tədbirlərin Şamaxıda keçirilməsindən məmnunluğunu bildirdi, rəhbərlik etdiyi şöbənin də gənclərin maarifləndirilməsi istiqamətində işlər apardığını vurğuladı. Qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rayon ərazisindəki bütün tarixi və memarlıq abidələrini əhatə edən ingilis və Azərbaycan dillərində bukletlər, kitablar nəşr olunub. Bu nəşrlər Şamaxıya təşrif buyuran əcnəbi qonaqlara paylanılıb, eyni zamanda xaricə səfər edən yerli sakinlərə təbliğat materialı kimi verilib. Şöbə müdiri bu cür tədbirlərin davamlı olmasının vacibliyini qeyd edərək gənclərin maariflənməsinə, vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən layihələri daim dəstəklədiklərini dedi.
Dəyirmi masada “Azad Gənclər” İctimai Birliyinin nümayəndəsi Qüdrət Axundov, “Mədəniyyət” qəzetinin əməkdaşı Sadiq Musayev çıxış edərək tədbirin əhəmiyyəti, layihə çərçivəsində görülə biləcək işlər barədə fikirlərini bölüşdülər. Qeyd olundu ki, gənclərin yaşadıqları bölgənin tarixinin və turizm imkanlarının təbliği istiqamətində irəli sürdükləri təklif və təşəbbüslərin nazirlik tərəfindən dəstəklənməsi onların fəaliyyətinə mühüm stimuldur.
Müasir informasiya texnologiyaları sahəsində bilik və bacarıqlara malik gənclik öncəki nəsillə müqayisədə ölkəmizin, regionlarımızın tarixi və turizm imkanlarının təbliği istiqamətində daha böyük üstünlüklərə malikdir. Bu baxımdan sosial şəbəkələrdə aktiv olan, informasiya texnologiyalarının imkanlarından yararlanan bölgə gəncləri yaşadıqları regionun tanınması istiqamətində daha fəal iş görə bilərlər. Məsələn, hər bir sosial şəbəkə istifadəçisinin öz profilində rayonunun bir abidəsinin fotosunu və qısa informasiyanı paylaşması elə də böyük vaxt aparmaz, amma təbliğat baxımından bu, böyük işdir. Fəal gənclərin rayonun tarixi abidələrinin, turizm imkanlarının təbliği ilə bağlı sosial şəbəkələrdə fan klublar yaratması, digər bölgələrdən olan həmyaşıdlarını da təbliğat işinə cəlb etməsi yaxşı olardı.
Daha sonra tədbir diskussiya şəraitində davam etdirildi. İnternetdə təbliğatla bağlı qaldırılan təşəbbüsə müsbət yanaşan gənclər öz profillərində rayonlarında yerləşən tarixi abidələri paylaşacaqlarını, hətta ayrıca bir səhifə yaradacaqlarını qeyd etdilər. Dəyirmi masada öz təşəbbüsləri ilə diqqət çəkən gənclərə ofis ləvazimatları təqdim olundu.
Sonra tədbir iştirakçıları “Cümə” məscidinə baş çəkdilər. Abidə bələdçisi Yasin Nuriyev və rayon Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Rafael Tağızadə bu qədim memarlıq və mədəni irs nümunəsi barədə məlumat verdilər. “Cümə” məscidinin tarixi, vaxtilə Şamaxıda baş verən zəlzələ zamanı abidəyə dəyən ziyan, ermənilərin məsciddə sığınacaq tapan yerli sakinləri necə qırmasından söz açıldı. Bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamı ilə abidənin bərpa edildiyi bildirildi. Sonda məscidin həyətində xatirə şəkilləri çəkildi və gənc fəallar bu fotoları sosial şəbəkələrdəki profillərində paylaşdılar.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar