Bölgə muzeylərində


Xalqımızın bir çox nəsihətamiz, ibrətamiz məsəlləri var. Böyüklər həmişə kiçiklərə nəsihət edərlər ki, yerdə çörək parçası görəndə onu qaldırıb uca bir yerə qoymaq lazımdır.

Bu da onu göstərir ki, xalqımız çörəyə müqəddəs bir nemət kimi baxır və onu uca tutur. İnsanlara çörək qədər vacib olan başqa bir nemət yoxdur. Çörək elin varı, elin sərvətidir. El-oba çörəyi ilə tanınar demişlər. Nəsildən-nəslə keçib əsrlər boyu yaşayan çörəklə bağlı adətlər mövcuddur. Ən istəkli qonağı duz-çörəklə qarşılayır, dostluq naminə çörək kəsirlər.
İnsanlar hələ Mezolit dövründə dənli bitkiləri suda isladıb yumşaltmaqla onlardan qida kimi istifadə edirdilər. Sonralar dəni narınlaşdırıb, daha sonra isə qovurub üyüdərək yarma şəklinə salır, ondan sıyıq və şorba hazırlayırdılar. Kirkirənin ixtirası ilə insanlar müxtəlif üsullarla çörək bişirməyə başladılar. Çörək əsasən buğda, çovdar, bəzi hallarda isə arpa və qarğıdalı unundan hazırlanır. Əkinçiliyin inkişafı ilə əlaqədar təndir meydana gəldi. Azərbaycanda ən qədim təndir Eneolit dövrünə aiddir. Hazırda kəndlərdə təndir hələ də qalmaqdadır. Təndiri əsasən sarı torpaqdan hazırlayırlar. Qəbələnin Pastar məhəlləsində indi də təndir hazırlayırlar.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin guşələrinin birində təndir, çörək bişirərkən istifadə olunan eksponatlar (təknə, taxta tabaqlar, oxlov, ərsin, koğa və s.) nümayiş etdirilir. Bu eksponatlar muzeyə gələn qonaqların, xüsusən turistlərin marağına səbəb olur.
El-obada torpağın həyat mənbəyi, dirilik neməti olan çörəyin qədrini bilmiş, onu hər şeydən üstün tutmuşdular. Çörəyi bol olan ölkə həmişə özünü yenilməz sanmışdır. Böyük şairimiz Səməd Vurğun çox gözəl demişdir:
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən!
“Çörəyin qədrini bilməyən, el qədrini bilməz”, - demişlər. Arzu edirəm ki, dəyirmanlarımız həmişə taxıllı, çuvallarımız unlu, təknələrimiz çörəkli olsun.

Brilyant Məlikova,
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar