Azərbaycanın zəngin təbiəti, sərvətləri, qədim abidələri müxtəlif dövrlərdə tarixçilərin, coğrafiyaşünas və səyyahların ölkəmizə xüsusi maraq göstərmələrini şərtləndirmişdir.

Qədim dövrün bir çox tarixçiləri Azərbaycan ərazisindəki müxtəlif mədəniyyət abidələri haqqında məlumat versələr də, XIX əsrə qədər bu məlumatlar diqqəti cəlb etməmişdir. Ölkəmizin tarix və mədəniyyətinin öyrənilməsinə ilk təşəbbüslər həmin dövrə təsadüf edir.
Azərbaycanın antik dövr coğrafiyasında Quştəsfi vilayəti kimi təsvir edilən, XIV-XV əsrlərin xəritəsində Şirvanşahlar dövlətinin ərazisində yer alan Mahmudabad şəhəri olmuşdur. Həmin yer bugünkü Hacıqabul rayonunun ərazisindədir. 1972-ci ildə rayonun Xilə kəndində Saxsıtəpə adlandırılan yerdə tarix elmləri doktoru, professor Rəşid Göyüşovun məişətdə istifadə olunmuş müxtəlif formalı və həcmli saxsı qablar aşkar etməsi, son dövrlərdə arxeoloq alim Rafiq Əhmədovun rayon ərazisində apardığı arxeoloji araşdırmalar Hacıqabul rayonu ərazisinin qədim yaşayış yerlərindən biri olduğunu deməyə əsas verir.
Qeyd olunan saxsı qabların başqa nümunəsi bu yaxınlarda rayonun Meyniman kəndi ərazisində də tapılıb. İ.Həsənov adına Meyniman kənd tam orta məktəbinin şagirdi Ayaz Həziyev özlərinə məxsus əkin sahəsində saxsı qab parçalarına rast gəlir, sonra torpaqdan qırmızı boyağı olan bir saxsı bardaq çıxır. Tapdığı əşyalar haqqında bilgi almaq üçün onları məktəbə gətirir. Məktəb rəhbərliyi və bir qrup müəllim həmin əraziyə baxış keçirirlər. Tarix müəllimlərinin qənaətinə görə, bu bardağın hazırlanması tunc dövrünə təsadüf edir. Çünki Azərbaycan ərazisində boyalı saxsı qab istehsalı tunc dövründə olub. Düşünürük ki, mütəxəssislər bu nümunələri tədqiq edərək rayon ərazisində yeni tarix yadigarlarının, qədim yaşayış yerinin sorağına düşərlərsə, tariximizin maraqlı səhifələrini üzə çıxara bilərlər.

Qafar Əhmədov,
Hacıqabul rayonu Meyniman kəndi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar