Azərbaycan qədim və zəngin mədəniyyətə malikdir. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz tarixi-mədəni irsi, adət-ənənələri, əsrarəngiz təbiəti ilə zaman-zaman bu torpaqlara ayaq basan əcnəbilərin diqqətini cəlb edib.
Balakən rayonu da tarixi abidələri, gəzməli-görməli yerləri ilə Azərbaycan mədəniyyətinin maraqlı bir parçasıdır. Ölkənin şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamaclarında yerləşən rayon şimaldan Rusiya Federasiyası (Dağıstan), qərb və cənub-qərbdən Gürcüstan, şərqdən isə Zaqatala rayonu ilə həmsərhəddir. Ərazisi 923 kvadrat kilometrdir.
Azərbaycanın məbədlər diyarı sayılan Balakəndə ölkə və dünya əhəmiyyətli bir çox abidələr var ki, onların öyrənilməsi və onun tədqiqi çox əhəmiyyətlidir. Rayon dağlarla, yamyaşıl yamaclarla əhatələnmişdir. Ən uca zirvələri isə hər zaman ağ örpəklə örtülü olur. Bu dağlar turizm və qış idman növlərinin, o cümlədən turistlərin daha çox maraq göstərdikləri alpinizmin inkişafına şərait yaradır. Zəngin ehtiyatlara malik olan dağ meşələrində müxtəlif növ ağaclar, müalicəvi əhəmiyyətə malik kükürdlü sular mövcuddur.
1984-cü ildən rayonda fəaliyyət göstərən Tarix-Diyarşünaslıq Muzeyi zəngin eksponatları ilə ziyarətçilərin diqqətini özünə cəlb edir. Balakənə qədəm qoyan hər bir qonaq bu muzeyə mütləq baş çəkir, tarix və mədəniyyət yadigarları ilə tanış olur. Müəyyən səbəblərə görə 1996-cı ildə fəaliyyətini dayandıran muzey 2001-ci ildə yenidən qapılarını insanların üzünə açıb. Hazırda muzeydə 5 mindən çox eksponat var. Burada arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim tapıntılar, həmçinin rayonun tarixi-mədəni mənzərəsini əks etdirən qiymətli eksponatlar nümayiş olunur.
Rayonun Kortala kəndi ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində eramızdan əvvəlki dövrə aid yaşayış məskəni, həmçinin Qafqaz Albaniyasının mədəniyyətini, sənətkarlığını əks etdirən çoxlu sayda saxsı qablar aşkar edilərək muzeyə təqdim edilmişdir.
Muzeydəki “Min bir dərdin dərmanı” guşəsində 102 növ dərman bitkisinin kolleksiyası, “Yerüstü və yeraltı” sərvətlərimiz guşəsində müxtəlif növ ağaclardan hazırlanmış əşyalar, filiz nümunələri sərgilənir. Həmçinin qədim alban tayfalarına məxsus kurqanlardan aşkarlanmış tapıntılar da maraq doğurur. Belə tapıntılardan ən diqqətçəkəni zinət əşyaları ilə birlikdə dəfn olunmuş gənc qızın skeletidir.
Muzeyin ərsəyə çatmasında, zənginləşməsində direktor Xəlifə Mirəliyevin də zəhməti az deyil. Muzeydəki səliqə-sahman, yerli və xarici ziyarətçilərə eksponatlar haqqında verilən müfəssəl bilgilər, göstərilən nümunəvi xidmət hər kəsin könlünü oxşayır.
Sevindirici haldır ki, Balakən rayonu Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramı çərçivəsində 2014-cü ilin “Folklor paytaxtı” elan olunub. Bu da, təbii ki, rayonun zəngin mədəniyyətinin, fərqli folklor mühitlərinin öyrənilməsi və təbliği istiqamətində daha uğurla fəaliyyət göstərməyimizə əlavə stimul verir.
Nəfizət Qarakişiyeva,
Balakəna