Quba uşaq incəsənət məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd edilib. Məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlər, kitab, jurnal sərgiləri təşkil olunub.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, uşaq musiqi məktəbi və uşaq yaradıcılıq mərkəzindən, şəhər 3 saylı orta məktəbindən, habelə Xaçmaz rayonunda fəaliyyət göstərən musiqi və incəsənət məktəblərindən nümayəndələr iştirak ediblər.
Məktəbin direktoru Mirkazım Cəfərov qonaqları salamlayaraq tədris ocağının şagirdləri Ümid Sultanov və Rövşən Həsənovu təqdim edib. Qeyd olunub ki, Ü.Sultanov 2009-cu il və 2012-ci illərdə pianoçuların respublika müsabiqələrində tərifnamə və fəxri fərmanla təltif olunub. Sədaqət Rəcəbovanın yetirməsi olan gənc artıq məktəbin məzunudur. Şəlalə Seydizadənin sinfində skripka ixtisası təhsil alan Rövşən Həsənov da bacarıqlı və istedadlı şagirddir.
Sonra gənclər Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik musiqi nümunələrini ifa ediblər. Tamaşaçılarda xoş əhval-ruhiyyə yaradan ifaçılar alqışlarla qarşılanıb.