Azərbaycanımızın hər guşəsi öz gözəlliyi, tarixi və mədəni abidələrinin zənginliyi ilə tanınır. Bu gözəllikləri görən bir daha qayıdıb görmək istəyir. Ölkəmizi, onun zəngin irsini yetişən nəslə yaxından tanıtmaq xüsusilə vacibdir.

Gənclərimizin məktəbli yaşlarından vətənsevər ruhda böyüməsi daimi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə avqustun 1-dən etibarən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası da bu məqsədə xidmət edir.
Avqustun son günlərində Kürdəmir rayonu məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup aksiya çərçivəsində respublikamızın qədim və səfalı guşələrindən olan İsmayıllı, Qəbələ və Şəki rayonlarında ekskursiyada olub.
Kürdəmirdəki Heydər Əliyev parkında məktəblilərin yolasalma mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək tur-aksiyanın gənclərimizin vətənpərvərlik prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında, onların dünyagörüşünün artmasında əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Mərasimdən sonra layihənin koordinatoru Kənan Hənifəyev, tur rəhbəri Cavad Ağayev və məktəblilər onlar üçün xüsusi ayrılmış avtobusda yola düşüblər.
Tur-aksiya iştirakçıları Tərtər rayonunun yeniyetmə və gəncləri ilə birlikdə 4 gün ərzində İsmayıllı, Qəbələ və Şəki rayonlarını gəziblər. Gənclər öncə İsmayıllı rayonunun Lahıc qəsəbəsində tarix-diyarşünaslıq muzeyi ilə yaxından tanış olublar. Sonra Qəbələyə gələn məktəblilər “Yeddi gözəl” hotelində əyləncə proqramda iştirak ediblər. Heydər Əliyev Muzeyi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi, “Tufandağ” dağ-xizək kompleksi, “Beltmanın” piano fabriki, Nic kəndində qədim kilsə ilə tanışlıq onların böyük marağına səbəb olub.
Qəbələdən sonra Şəki şəhərinə səyahət edən gənclər olimpiya kompleksinin hotelində yerləşiblər. Burada tur-aksiya iştirakçıları arasında keçirilən intellektual yarışmada Kürdəmir komandası qələbə qazanıb. Səhəri gün XVIII əsrə aid dünya əhəmiyyətli memarlıq abidəsi olan Şəki xanlarının sarayı, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi, XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi, habelə Kiş kəndindəki qədim alban məbədinə ekskursiya təşkil olunub. Məktəblilər ölkəmizin gözəl guşələri ilə tanışlıqdan zəngin təəssüratla geri qayıdıblar.

Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı