Sentyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin və Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Göygöl şəhərində Alman İcmasının Tarixi Muzeyinin yaradılması ilə bağlı konfrans və seminar-treninq işə başlayıb.
Tədbirdə Göygöldə dünyasını dəyişmiş sonuncu alman Viktor Klaynın evinin muzey kimi qorunub saxlanılması üçün konsepsiya sənədinin hazırlanması müzakirə mövzusudur. Göygöl (keçmiş Helenendorf) şəhərinin sonuncu alman sakini 2007-ci ildə dünyasını dəyişib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti iştirak edir. İlk gün adıçəkilən muzeyin mövzu-ekspozisiya planının - konsepsiyasının hazırlanması ilə yanaşı, Göygöl bölgəsini əhatə edəcək vahid regional turizm marşrutunun tərtib edilməsi, turizm infrastrukturunun inkişaf etdirilməsi də müzakirə olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Göygöl rayonundan millət vəkili Rövşən Rzayev, Prezident Administrasiyasının multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov və Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov çıxış ediblər.
"Qafqazda yerli özünüidarəetmə proqramı"nın qrup rəhbəri Katharina Lampenin aparıcılıq etdiyi konfransda professor Eva-Maria Aux, Azərbaycan Turizm İnstitutunun professoru Xaləddin İbrahimli və digərlərinin çıxışları dinlənilib.
Konfrans sentyabrın 19-da yekunlaşacaq.