O, gözəl yaz günlərinin birində dünyaya göz açmış, dağlar qoynunda boya-başa çatmışdı. Yaşadığı kəndin əhatəsində olan dağların zirvəsinə qalxıb təbiətin əsrarəngiz gözəlliyini seyr edər, firavan həyatdan zövq alar, romantik xəyallara dalardı: həyat gözəldir, yaşamaq gözəldir!
“Mən Əzizov Rüstəm İzzət oğlu 1995-ci il may ayının 1-də Astara rayonu Çükəş kəndində anadan olmuşam. 2012-ci ildə Sım kənd orta məktəbini bitirmişəm. Atam, anam, 3 qardaşım, 2 bacım vardır. 2013-cü ildə Astara rayon Hərbi Komissarlığından milli ordu sıralarına çağırılmışam”.
Dörd cümlədən ibarət tərcümeyi-hal.
Gəncliyinin ilk addımı Vətənin müdafiəsi ilə başladı. Az müddətdə xidmətə alışdı. Günlər ötdükcə torpağa sevgisi, məhəbbəti, namərd, qaniçən düşmənə nifrət hissi artırdı. Düşmənin həmlələrini dəf olmasında fəallıq göstərir, igidlik göstərən Vətən oğulları ilə fəxr edir, onlardan güc alır, ruhlanırdı.
Tərxis olunmağına az qalmış Rüstəm qərara gəldi ki, anasına məktubla əsgər salamı göndərsin.
“Salam, əziz anam! İndi bir az darıxıram. Ona görə darıxıram ki, bir neçə gün bundan əvvəl telefonla danışdıq. Ancaq utandım. Cürət edib qəlbimdə kök salmış arzum barədə danışa bilmədim. Qərara gəldim ki, məktuba yazıb göndərim. Əziz anam, xidmətimin başa çatmasına çox az qalıb. Mən telefonda sizə dedim, 40-45 gün, sən isə dedin mən günləri dəqiq saymışam, düz 42 gün qalıb. Arxayın ol, dediklərin yaxşı yadımdadır. Sədaqətlə xidmət etmişəm. Hər dəfə düşmənin layiqli cavabını vermişəm. Həmişə səngərdəyik. Çətinliyə görə darıxmıram. Bizim dağların füsunkar təbiətindən, quşların civiltisindən, dağ çaylarının şırıltısından, sənin uzaqdan haraylı, lakin şirin lay-lay kimi məni kövrəldən, könlümü oxşayan səsindən burada əsər-əlamət yoxdur. Bax, bunlar üçün bir az darıxmışam. Deyəsən, səni kövrəltdim. İnşallah, çətin günlər arxada qalacaq. Söz vermişəm ki, xidmətimə görə “Təşəkkür məktubu” ilə gələcəyəm. Yenə utanıram, axırıncı sözümü deyə bilmirəm. Ana, sinif yoldaşıma, qonşuma hökmən salamımı çatdır. De ki, tezliklə Rüstəm gələcək. Onu sevindir...”
Bəli, Rüstəm Əzizov da bu igid əsgərlərdən biri idi. O, sinəsini düşmən gülləsinin qabağına verdi ki, güllə Vətən torpağına toxunmasın. Budur, əsl vətənpərvərlik, əsl Vətən sevgisi!
Rüstəm Əzizov 21 noyabr 2014-cü il tarixdə Ağdam rayonunun Çəmənli kəndi ərazisində mövqelərimizə qəfil hücum edən düşmənin gülləsinə sipər oldu.
Soyuq, küləkli, yağışlı, xəzanlı payız səhəri Rüstəm gəldi. Ancaq əsgər paltarında deyildi. Üçrəngli Azərbaycan bayrağına sarılmış gəldi...
Rüstəm boya-başa çatdığı Çükəş kəndində, dağlar qoynunda uca zirvədə dəfn olundu. Həmin anda şiddətli yağış yağdı. Ana vətən sevimli, igid balasını qucağına alıb, dəhşətlə ağladı. Zirvədən uçan qartal zirvəyə qonar. Rüstəm də zirvəyə qondu. Şəhidlik zirvəsinə.
Ruhun şad olsun, Vətən oğlu... Allah bütün şəhidlərimizə rəhmət etsin.
Kamil Kamilov,
kitabxanaçı-biblioqraf, Astara rayonu