Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri də ölkənin bölgələrində mədəniyyət və turizmin inkişafıdır. Bu istiqamətdə il ərzində müxtəlif tədbirlər təşkil olunub, layihələr həyata keçirilib.
Ölkə Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 28 yanvar tarixində Göyçay, 21 fevralda Xaçmaz, 30 martda Ağsu, 28 aprel tarixində Masallı, mayın 30-da Şəmkir, iyunun 24-də Abşeron, 25 iyul tarixində Qax, 29 avqustda Qusar, 10 sentyabrda Qəbələ, oktyabrın 31-də Ağdam, noyabrın 19-da Astara və dekabrın 10-da Sabirabad rayonlarında ətraf bölgələrin sakinlərini qəbul edib. Qəbullar zamanı qaldırılan bir çox məsələlər həllini tapıb, əhalinin müxtəlif xahiş və təşəbbüsləri ilə bağlı tədbirlər görülüb. Eyni zamanda rayon-şəhər mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən zona müşavirələrində həlli vacib məsələlərlə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib.
İncəsənət ustalarının, yaradıcı insanların yerlərdə sakinlərlə görüşləri, bayramlarla bağlı qaçqın və məcburi köçkünlər qarşısında çıxışları bu il də diqqət mərkəzində olub. Martın 16-18-də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı Tərtər və Goranboyda Novruz bayramı münasibətilə konsert proqramı təşkil edilib. Martın 19-da Novruz bayramı ərəfəsində, iyunun 13-də Milli Qurtuluş Günü, 2 oktyabrda Qurban bayramı, 17 noyabrda Milli Dirçəliş Günü münasibətilə Salyan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə ərzaq yardımı paylanıb. İyunun 13-də Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə Milli Qurtuluş Gününə həsr olunmuş konsert keçirilib. Şamaxı, Qobustan, Quba, Siyəzən, Beyləqan, Füzuli rayonlarında, Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaradıcı ziyalıların əhali ilə görüşləri də maraqla qarşılanıb.
Tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən yaradıcılıq görüşləri həm yerli əhalinin, həm də məcburi köçkün həyatını yaşayan soydaşlarımızın ölkəmizdə mədəniyyət sahəsində əldə olunan nailiyyətlər barədə geniş məlumat almasına, gənc nəslin sənət adamları ilə yaxından tanış olmasına əlavə imkan yaradıb.
Sentyabrın 8-də Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalı keçirilib. İlk dəfə keçirilən festival Azərbaycanın uzunömürlülər diyarı kimi təbliğ edilməsinə, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsinə xidmət edir.