Pirallahı rayonundakı 14 saylı musiqi məktəbinin bayram konserti

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın Pirallahı rayonunun 14 saylı uşaq musiqi məktəbində “Ana müqəddəsdir, ana əzizdir” adlı konsert proqramı təşkil edilib. Bayram tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Mirzəyev, baş məsləhətçi İlham Əsgərov, məktəbin müəllim və şagird kollektivi, valideynlər, rayon sakinləri iştirak ediblər.
Əvvəlcə məktəbin direktoru Neymət Mürsəlov çıxış edərək məktəbin qadın kollektivini, Pirallahı rayon və bütövlükdə Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib.
Sonra konsert proqramı təqdim olunub. Məktəbin VI sinif şagirdi Zəhra Umudova fortepianoda Tofiq Quliyevin “Vals”, I sinif şagirdi Rəhman Əliyev skripkada V.A.Motsartın “Alleqretto”, I sinif şagirdi Məhəmməd Kərimov klarnet alətində çex xalq mahnısını ifa edib.
IV sinif şagirdi Leyla Abbasovanın kamançada ifa etdiyi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı tədbirə xüsusi rəng qatıb. VI sinif şagirdi Zəhra Umudova və V sinif şagirdi Ülkər Əliyevanın ifasında E.Qriqin “Norveç rəqsi” maraqla qarşılanıb. Məktəbin xor kollektivi də rəngarəng çıxışları ilə tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib. Konsert proqramına məktəbin nağaraçalanlardan ibarət “Ritm” qrupunun ifasında “Yallı” ritmləri ilə yekun vurulub. Konsert alqışlarla qarşılanıb.