Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Horadiz şəhərindəki Olimpiya stadionunda “Novruz çələngi” adlı tədbir keçirilib.
Milli Məclis sədrinin müavini Bahar Muradova, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bayram münasibətilə iştirakçılara xoş arzularını çatdırıb. Novruzu, baharı tərənnüm edən şirin nəğmələr və rayon Mədəniyyət evinin “Gənc oğlanlar” rəqs qrupunun “Süleymanı” rəqsi tamaşaçıların alqışları ilə müşayiət olunub.
Füzuli rayon Mədəniyyət evinin özfəaliyyət kollektivləri N saylı hərbi hissənin əsgərləri qarşısında konsert proqramı ilə çıxış edib. Müğənnilərdən Çingiz Niyazoğlu, Samirə Quliyeva və Ceyhun Quliyevin ifaları vətənimizin ayıq-sayıq keşikçilərinin zövqünü oxşayıb. Mədəniyyət evinin “Sevinc” rəqs qrupunun, Kosa ilə Keçəlin əyləncəli çıxışları alqışlarla qarşılanıb.
* * *
Hacıqabul rayon MKS-nin Mərkəzi kitabxanasında və kitabxana filiallarında “Bahar nə xoş gəlir”, “Könül gülür yaz gələndə”, “Novruz gəlir-yaz gəlir” adlı tədbirlər təşkil olunub. Mərkəzi kitabxananın xidmət şöbəsinin işçiləri Fariz Cəbrayılov adına 2 saylı orta məktəbdə, uşaq şöbəsinin işçiləri “Lalə” uşaq bağçasında keçirilən şənliklərdə iştirak ediblər.
* * *
Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxanasında “Sazlı, sözlü Novruzum” adlı ədəbi-bədii gecə keçirilib. Kitabxananın xidmət şöbəsinin müdiri Məlahət Cabbarova, Azərbaycan dili və ədəbiyyat müəllimi Maqsud Mustafayev qədim bayramın mahiyyətindən danışıblar. 18 saylı orta məktəbin şagirdləri Novruza aid bayatılar, şeirlər söyləyiblər, musiqi sədaları altında rəqs ediblər.
* * *

Oğuz şəhərindəki Mədəniyyət mərkəzinin qarşısında Bahar bayramı münasibətilə şənlik təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Novruz tonqalını alovlandırıb. Milli geyimdə olan gənc oğlan və qızların tonqalın ətrafında dövrə vuraraq rəqs etmələri tədbiri daha rəngarəng edib. Novruz personajlarının təqdim etdikləri səhnəciklər, Bahar bayramını tərənnüm edən mahnılar mərasim iştirakçılarına xoş anlar yaşadıb.
* * *
Lənkəran şəhərindəki Vağzalyanı meydanda Novruz bayramı münasibətilə şənlik təşkil olunub. C.Cabbarlı adına uşaq musiqi məktəbinin folklor, H.Rzayeva adına uşaq musiqi məktəbinin balabançalanlar kollektivləri konsert nömrələri təqdim ediblər. Girdəni folklor evinin “Vənəvşə”, Boladi folklor klubunun “Kinəlim”, Türkəkəran, Hirkan, Şıxəkəran, Parakənd, Şağlaser, Haftonu klub müəssisələrinin folklor və özfəaliyyət kollektivlərinin ifaları mərasimə rəng qatıb. Tədbirdə el sənətkarlarının əl işləri və rəsm əsərləri sərgilənib.
* * *
Qazax rayon Mədəniyyət mərkəzinin qarşısındakı meydanda Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bayram münasibətilə hər bir ailəyə ruzi-bərəkət, firavan günlər arzulayıb. Mədəniyyət mərkəzinin “Göyəzən” instrumental, “Zurnaçılar” və “Aşıqlar” ansambllarının, bədii özfəaliyyət üzvlərinin bir-birindən maraqlı çıxışları, 1 və 2 saylı uşaq musiqi məktəbləri şagirdlərinin, mərkəzin “Qönçə” rəqs ansamblının ifaları alqışlarla qarşılanıb.