Bölgələrdə 1918-ci ilin mart qırğınlarına həsr olunmuş anım mərasimləri

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Qanla boğulmuş tarix” adlı anım tədbiri keçirilib. Mərkəzin baş mühafizi A.İbrahimova qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik birləşmələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib, doğma yurdlarından didərgin salıblar.
Lənkəran MKS-nin Mərkəzi kitabxanasında və filiallarında, uşaq musiqi, rəssamlıq məktəblərində, Q.Vəliyev adına mədəniyyət mərkəzində, klub müəssisələrində də qanlı faciəyə həsr olunmuş açıq dərslər, kitab və rəsm sərgiləri, dəyirmi masalar təşkil edilib.
* * *
Sabirabad rayon Mərkəzi kitabxanasında mart soyqırımına həsr olunmuş tədbir keçirilib. MKS-nin direktoru Eldar Urufov, abonement bölməsinin müdiri L.Məmmədova, metodika və biblioqrafiya şöbəsinin müdiri A.Güləliyeva ötən əsrin əvvəllərində xalqımızın başına gətirilən müsibətlərdən danışıblar.
Tədbir iştirakçıları “31 Mart - Soyqırımı Günü” başlığı altında təşkil olunmuş fotosərgi ilə tanış olublar.
* * *
Qəbələ rayon Mərkəzi kitabxanasında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbiri kitabxananın direktoru Ramiz Mirzəyev açaraq faciəli tarixin ağrılı faktlarından söz açıb. MKS-nin informasiya və xidmət şöbəsinin işçiləri Ülkər Qədirova və İradə Xəlilova məruzələrlə çıxış ediblər. Bildirilib ki, məlum hadisələr zamanı minlərlə dinc soydaşımız yalnız milli mənsubiyyətinə görə öldürülüb.
* * *
Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi kitabxanasının qiraət zalında “Milli soyqırımı - bəşəri faciə” adlı sərgi açılıb. Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova qeyd edib ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq ideyası yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib.
* * *
Goranboy rayon MKS-nin Mərkəzi kitabxanasında mart soyqırımına həsr edilmiş dəyirmi masa təşkil olunub. Oxu zalının müdiri Sevda Əliyevanın “Tarixi unutqanlığın ibrət dərsləri” mövzusunda məruzəsi dinlənilib. Tədbir çərçivəsində açıq havada “Tarixin qan yaddaşı” mövzusunda kitab və dövri mətbuat materiallarından ibarət sərgi təşkil olunub.
* * *
Cəlilabad rayon MKS-nin Mərkəzi kitabxanasında “Tarixin yaddaşından silinməyən faciə” mövzusunda mühazirə oxunub. MKS-nin metodiki və biblioqrafiya şöbəsinin müdiri N.Şəmili tariximizin qanlı səhifəsi haqqında danışıb. 1 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
* * *
Zərdab rayon Mərkəzi kitabxanasında “İnsanlığa qənim kəsilənlər” adlı anım tədbiri keçirilib. MKS-nin direktoru Nailə Əliyeva ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verib. Cəmalə Feyzullayeva və Leyla Eldarzadənin məruzələri dinlənilib.
* * *
Qazax rayon Mədəniyyət mərkəzində təşkil olunan “Amansız və dəhşətli soyqırımı” adlı tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin müdiri V.Vəliyev son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən danışıb. Şöbənin məsləhətçisi P.Məmmədovanın məruzəsi dinlənilib. Mərasim iştirakçıları kitab sərgisinə baxıblar.
* * *
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Neftçala rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri soyqırımı abidəsi önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzində Mərkəzi kitabxana, Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı və rayon məktəblərinin iştirakı ilə anım tədbiri keçirilib.
* * *
Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında “Tarixin qanlı səhifələri” mövzusunda tədbir keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev bildirib ki, 1918-ci ilin 30-31 mart tarixində Bakıda və bölgələrdə bolşevik-daşnak silahlı dəstələri azərbaycanlılara qarşı vəhşiliklər törədiblər. Məktəblilərin ifasında şeirlər səsləndirilib, videoçarx nümayiş etdirilib.
* * *
Hacıqabul rayon Mərkəzi kitabxanasında keçirilən "Tariximizi unutmayaq" adlı dəyirmi masada 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi Fariz Ağayev, Mərkəzi kitabxananın şöbə müdiri Elmira İbrahimova, əməkdaşlardan Səkinə Qarayeva, Sürahi Məmmədova, Anaxanım Nuriyeva çıxış edərək mənfur ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri cinayətlər haqqında məlumat veriblər.