Aprelin 22-də Xaçmaz rayonunun Yalama qəsəbəsindəki Heydər Əliyev Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, istedadlı rəssam, daşişləmə sənəti ustası Ədalət Elmanın ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Tarixi yazan dahi şəxsiyyət” adlı fərdi sərgisi açılacaq. Xaçmaz Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Şöbəsi və Xaçmazdakı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə ümummilli liderə həsr olunmuş əl işləri ilə bərabər, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya həsr olunmuş əsərlər yer alacaq. Sərgidə nümayiş olunacaq əl işləri sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daş üzərində rəsmi də var.
Bundan başqa, «Tarixi yazan dahi şəxsiyyət» adlı sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mir Cəlal Paşayev, İlyas Əfəndiyev, Məhəmmədhüseyn Şəhriyar, Həsən bəy Zərdabinin də çay daşlarının üzərinə köçürülmüş obrazları nümayiş etdiriləcək.
Qeyd edək ki, bu, Ədalət Elmanın ikinci fərdi sərgisidir. Rəssamın yaradıcılığında əsasən Azərbaycan xalqının tarixi keçmişi, bu günü və sabahı öz əksini tapıb. Ulu öndər Heydər Əliyev vaxtilə onun sərgisində iştirak edib, rəngarəng çay daşları üzərində yaratdığı sənət nümunələrinə böyük qiymət verib.

Fəxriyyə